Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turnirinin açılış mərasimi keçirilmişdir

03 oktyabr 2019    741

Məlum olduğu kimi, 2019-cu il Azərbaycan və Gürcüstanda vəkillik peşəsinin yaranmasının 100-cü ildönümü kimi qeyd olunmaqdadır. Bu əlamətdar hadisə ilə bağlı olaraq keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri”nin keçirilməsi qərara alınmışdır.

Oktyabr ayının 2-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərovun, turnirin təşkilat komitəsinin, eləcə də, turnirdə iştirak edəcək komandaların nümayəndələrinin iştirakı ilə turnirin açılış mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizə təşrif etmiş bütün komanda nümayəndələrini salamlayaraq, cari ilin həm Azərbaycan, həm də Gürcüstan vəkilliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini, hər iki ölkədə bununla bağlı silsilə tədbirlər keçirildiyini, bu çərçivədə təşkil olunmuş və bu il ilk dəfə keçirilən futbol turnirinə məhz Azərbaycanın ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirmişdir.

Gürcüstan Vəkillər Kollegiyasının icracı direktoru Giorgi Çexani də tədbirin həmtəşkilatçısı kimi qonaqları salamlayaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə digər sahələrlə birgə, idman sahəsində də əməkdaşlığı yüksək dəyərləndirdiyini qeyd etmişdir.

Daha sonra turnirin püşkatma mərasimi keçirilmiş, komandaların yer aldığı qruplar və növbəti günlərdə baş tutacaq oyunlar müəyyənləşmişdir.

Oktyabrın 3-6-sı tarixlərində baş tutacaq turnirdə 10 ölkədən 16 futbol komandası iştirak edəcəkdir. Qrup mərhələsinin oyunları 3-4 oktyabr, play-off mərhələsinin oyunları isə 4 və 6 oktyabr tarixlərində keçiriləcəkdir.

Qeyd olunmalıdır ki, “Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” Azərbaycan Mini Futbol Federasiyası və Azfar Group şirkətinin təşkilati dəstəyi ilə keçirilməkdədir.