Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsinin nəticəsində işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad edilmişdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 9 üzvü xalqımıza bu şanlı qələbəni qazandıran rəşadətli və müzəffər ordumuzun tərkibində könüllü olaraq iştirak etmişlər. Qeyd olunur ki, hərbi əməliyyatlarda olduqları müddətdə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən qəhrəman vəkillərimiz üzvlük haqqından azad edilmiş, ailələrinə hər ay maddi yardım göstərilmişdir.
Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən ötən müddətdə də həmin vəkillərə xüsusi diqqət və qayğı göstərilməsi davam etmiş və onlar 27.01.2021-ci il tarixli iclasının qərarı ilə vətən müharibəsində iştirak edən vəkillər Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Kərimov Fərhad Azad oğlu, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Elvin Zamin oğlu, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cabbarov Mirhəsən Miri oğlu, “Arbitrium” Vəkil Bürosunun vəkili Pənahov Pənah Səməd oğlu, "BM Morisson" Vəkil Bürosunun müdiri Cabbarlı Polad Arif oğlu, “Femida” Vəkil Bürosunun vəkili Əzimov Rauf Nəriman oğlu, Şirvan Regional Vəkil Bürosunun vəkili Babayev Bəxtiyar Rəhim oğlu, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Məcidli Elşən Seyidəli oğlu və Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Səmədzadə Xəyal Natiq oğlu “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanları ilə təltif olunması barədə qərar qəbul edilmişdir. Həmçinin onların müalicələri və reabilitasiyaları üçün müvafiq köməkliklər ediləcəkdir.
Qeyd olunanlarla bağlı bu gün ordudan tərxis olunmuş vəkillərlə karantin qaydalarına riayət edilməklə görüş keçirilmişdir. Görüşdə Kollegiyanın sədri Anar Bağırov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində qazandığımız tarixi qələbədən danışmış, rəşadətli ordumuzun sıralarında göstərdikləri şücaətə görə vəkillərə təşəkkürünü bildirərək və onlarla fəxr etdiyi vurğulamış, Kollegiyanın hər zaman onların yanında olduğu qeyd etmişdir.
Həmçinin təltif olunan vəkillər müharibədə iştirak etdikləri dövrdə Kollegiya tərəfindən onların ailələrinə göstərilən maddi yardıma görə Vəkillər Kollegiyasına öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra vəkillərə döş nişanları təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.