Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Dövlət hesabına hüquqi yardım sahəsində problemlər gündəmdə

17 fevral 2021    2205 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin vəkil bürolarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə iclası keçirilmişdir. İclasda “2020-ci ildə dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili, bu sahədə mövcud problemlər və gələcək prespektivlər” müzakirə olunmuşdur.  Onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qeyd etdi ki, cənab Prezident İlham Əliyevin azərbaycan vəkilliyinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 03.04.2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına həvalə edilmişdir.  

Bununla əlaqədar Kollegiyanın Rəyasət Heyəti tərəfindən qısa müddətdə müvafiq işlər görülmüş, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil olunmuş, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin edilmişdir. 

Qeyd olundu ki, 2020-ci ilin dövlət büdcəsindən Vəkillər Kollegiyasına bank xidməti daxil 5519250 manat ayrılsa da, sözügedən qərarlar üzrə ümumilikdə 2664167 manat vəsait xərclənmiş, istifadə edilməmiş vəsaitin ümumi qalığı 2855083 manat təşkil etmişdir, ilin sonuna xəzinə hesabının qalığı vahid xəzinə hesabına geri qaytarılmışdır. 

Çıxışına davam edən Anar Bağırov 2020-ci ildə dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verərək bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin diqqətinə çatdırdı.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılaraq bu sahədə təcrübədə rastlaşılan bir çox problemlər qeyd olundu və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər verildi.