“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamından üç il ötür. Azərbaycan vəkilliyinin yeni dönəmində davamlı inkişafa təkan vermiş həmin Sərəncamda bir sıra qurumlara müvafiq tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına verilən tövsiyələr isə Sərəncamın 2-ci bəndinin yeddi yarımbəndində öz əksini tapmışdır. Həmin tövsiyələrdən irəli gələn vəzifələr Vəkillər Kollegiyası tərəfindən uğurla yerinə yetirilmişdir.
Sərəncamın 2.1-ci bəndində, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə edilir. Bu istiqamətdə genişmiqyaslı işlər görülmüşdür. Bunun nəticəsində 2018-ci ilin əvvəllindən bu günə kimi, vəkillərin sayı demək olar ki, 100 faiz artaraq 931 nəfərdən 1844 nəfərə yüksəlmişdir. Həmin vəkillərin əksəriyyətini gənc hüquqşünaslar təşkil edir. Qeyd edilən dinamik artım, son 3 ildə vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparılması, bürokratik əngəllərin aradan qaldırılması və sənəd qəbulunun elektron formada keçirilməsi sayəsində mümkün olmuşdur. 2017-ci ildən vəkilliyə qəbul üzrə 6 imtahan keçirilmişdir. Son vaxtlar bütün dünyanı bürüyən bəlanın - pandemiya dövrünün yaratdığı karantin rejimi çərçivəsində məhdudlaşdırmalar olmasaydı, bu rəqəm daha yüksək olardı.
Sərəncamın 2.4-cü bəndində Azərbaycan Respublikasının şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirilməsi əksini tapmışdır. Bu bəndin icrası məqsədi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 18 fevral 2019 tarixli qərarına əsasən Bakı şəhərində fəaliyyət göstərən vəkillər üçün 60 manat, regionlarda, vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün 50 manat üzvlük haqqı müəyyən edilmişdir. Regionlarda yeni vəkil bürolarının açılması Kollegiya rəhbərliyinin prioritetlərindən biridir və bu istiqamətdə müvafiq işlər daim görülməkdədir. Respublika üzrə 102 vəkil bürosundan 40-ı regionlarda təsis edilib və 1844 vəkildən 428 nəfəri regionlarda fəaliyyət göstərir. Regionlarda büroların şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının gücləndirilməsi ilə bağlı Kollegiya tərəfindən hər cür dəstək verilir və həmin büroların əksəriyyəti təmirlidir və vəkillik fəaliayyətinin həyata keçirilməsi üçün bütün stndartlara cavab verir.
Sərəncamın 2.5-ci bəndində hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir. Bu sahədə də məhsuldar iş aparılmışdır. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 26 dekabr 2019-cu ildən yaradılan “Hüquqi Yardım və Tədris Mərkəzi” əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsini və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsini təmin edir. Mərkəzdə pro-bono vəkil bürosuda fəaliyyət göstərir. Mərkəz vasitəsilə 2018-ci ildən 23 mindən çox iş üzrə aztəminatlı şəxsə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquq yardım göstərilmişdir. Kollegiyanın Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli iclasında vəkillər tərəfindən şəhid ailələrinə və əlil qazilərə ödənişsiz hüquqi yardımın göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qərara alınmışdır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi Sərəncamın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir. Bu istiqamətdə aparılan işlər nəticəsində Kollegiyanın rəsmi internet saytında Vəkillər Kollegiyası və onun üzvləri arasında çevik məlumat mübadiləsinin, “Elektron məhkəmə portalı”na keçidin təmin edilməsi məqəsdilə “Elektron vəkil kabineti” funksiyası əlavə olunmuşdur. Bununla da hər hansı vəkil saytda elektron kabinet yaratmaq imkanına malikdir. Qeyd etmək lazımdır ki, 100-ə yaxın vəkilə “ASAN imza” verilmiş, 300-dən artıq vəkilə elektron imza hazırlanmış və 1000-ə yaxın vəkillə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetin imkanları və elektron müraciət qaydalarına dair təlimlər keçirilmişdir.
Yekunda vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir və bu məqsədə nail olmaq üçün dövlət səylərini əsirgəmir, zəruri tədbirlər görür və hüquq islahatları aparır. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı da qeyd edilən islahatlar çərşivəsində qəbul olunmuş önəmli hüquqi aktdır. Ona görə ki, Sərəncamda əks olunan bütün məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit olunan, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunmasına yönəlmişdir. Qeyd edilən konstitusiya hüququnun təmin olunması üçün güclü və nüfuzlu vəkilliyin olması şərtdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu gün mövcud olan formatda qarşısında duran bütün məsələləri, məqsədləri, vəzifələrin icrasını və nəticədə, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüquqlarını təmin etməyə qadirdir. Bu isə onu göstərir ki, Azərbaycanda vəkilliyin yeni inkişaf mərhələsi başlanıb.