100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

VƏKİLLİYİN YENİ İNKİŞAF MƏRHƏLƏSİNƏ TƏKAN VERMİŞ PREZİDENTİN SƏRƏNCAMI

22 February 2021    2578 share share

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamından üç il ötür. Azərbaycan vəkilliyinin yeni dönəmində davamlı inkişafa təkan vermiş həmin Sərəncamda bir sıra qurumlara müvafiq  tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına verilən tövsiyələr isə Sərəncamın 2-ci bəndinin yeddi yarımbəndində öz əksini  tapmışdır. Həmin tövsiyələrdən irəli gələn vəzifələr Vəkillər Kollegiyası tərəfindən uğurla yerinə yetirilmişdir.

 Sərəncamın 2.1-ci bəndində, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə edilir. Bu istiqamətdə genişmiqyaslı işlər görülmüşdür. Bunun nəticəsində 2018-ci ilin əvvəllindən bu günə kimi, vəkillərin sayı demək olar ki,  100 faiz artaraq 931 nəfərdən 1844 nəfərə yüksəlmişdir. Həmin vəkillərin əksəriyyətini gənc hüquqşünaslar təşkil edir. Qeyd edilən dinamik artım, son 3 ildə vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparılması, bürokratik əngəllərin aradan qaldırılması və sənəd qəbulunun elektron formada keçirilməsi sayəsində mümkün olmuşdur. 2017-ci ildən vəkilliyə qəbul üzrə 6  imtahan keçirilmişdir. Son vaxtlar bütün dünyanı bürüyən bəlanın - pandemiya dövrünün yaratdığı karantin rejimi çərçivəsində məhdudlaşdırmalar olmasaydı, bu rəqəm daha yüksək olardı.  

Vəkillər Kollegiyası tərəfindən gənc hüquqşünaslar arasında vəkilliyin təşviqi sahəsində də işlər aparılır. Xüsusilə, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun səyi nəticəsində 2020-ci ildən Bakı Dövlət Universitetinin hüquq fakültəsində vəkillik hüququnun tədrisi təşkil edimiş, Vəkillər Kollegiyası tərəfindən hüquq fakültəsinin tələbələri Hüquqi Yardım və Tədris Mərkəzində və digər vəkil qurumlarında könüllü olaraq işə cəlb edilmişlər. Kollegiyanın ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) ilə səmərəli əməkdaşlığı çəçivəsində gənc hüquqşünasların iştirakı ilə bir sıra tədbirlərin həyata keçirilməsini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin təşkilini də bura əlavə etmək olar. Həmçinin, son illər bir çox gənc hüquqşünasın vəkillik peşəsini seçməsi vəkilliyin nüfuzunun artmasının göstəricilərindəndir.
2.2-ci bəndində göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görülməsi tövsiyə edilir. Bununla bağlı qeyd edilməlidir ki, Kollegiya tərəfindən daimi əsaslarla vəkillərin ixtisasının artırılması üçün təlimlər və seminarlar keçirilmişdir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin ixtisaslaşmış qurumları və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində 705 vəkil təlimlərdə iştirak etmişdir. Kollegiyanın nəzdində “Hüquqi Yardım və Tədris Mərkəzi” fəaliyyət göstərir. Həmin mərkəz vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onları  tədris kurslarına  cəlb  edir. Son illər intizam tədbirlərinin  sayının azalması,  həm də, vəkillərin peşəkarlıq səviyyəsinin və göstərdikləri hüquqi xidmətlərin keyfiyyətinin artmasını, vəkillərin işlərində daha məsuliyyətli olmasını göstərir.
2.3-cü bəndində vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı, vəkillərin qanunvericilik aktlarının tələblərinə, vəkillərin davranış qaydaları haqqında Əsasnaməyə, vəkil etikası normalarına, onlara müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış qaydalarına riayət edilməsi xüsusi qeyd edilməlidir. Bunun üçün vəkillərin yüksək peşə standartlarına uyğun fəaliyyətinə ciddi nəzarət olunur. Vəkillər Kollegiyasının İntizam Komissiyasının səmərəli və effektiv fəaliyyətinin və Kollegiyanın intizam nəzarətinin gücləndirilməsi nəticəsində vəkillər barədə şikayətlərin sayı azalaraq, 2017-ci ildən intizam işlərinin həcmi də təqribən 30-40 faiz azalmışdır. İntizam Komissiyasının rəylərinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilməsi barədə qərarlar, vəkilin şəxsiyyətindən, milli və dini mənsubiyyətindən, irqindən və siyası baxışlarından  asılı olmayaraq tam obyektiv və humanist yanaşılaraq qəbul edilir. Vəkillər tərəfindən əldə etdikləri məlumatların konfidensiallığının təmin edilməsi üçün hər bir vəkil bürosunda konfidensial otağın mövcudluğuna ciddi nəzarət edilir, vəkillər tərəfindən konfidensiallığın pozulması faktı aşakar olundugda dərhal müvafiq tədbirlər görülür.

Sərəncamın 2.4-cü bəndində Azərbaycan Respublikasının şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirilməsi əksini tapmışdır. Bu bəndin icrası məqsədi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 18 fevral 2019 tarixli qərarına əsasən Bakı şəhərində fəaliyyət göstərən vəkillər üçün 60 manat, regionlarda, vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün 50 manat üzvlük haqqı müəyyən edilmişdir. Regionlarda yeni vəkil bürolarının açılması Kollegiya rəhbərliyinin prioritetlərindən biridir və bu istiqamətdə müvafiq işlər daim görülməkdədir. Respublika üzrə 102 vəkil bürosundan 40-ı regionlarda təsis edilib və 1844 vəkildən 428 nəfəri regionlarda fəaliyyət göstərir. Regionlarda büroların şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının gücləndirilməsi ilə bağlı Kollegiya tərəfindən hər cür dəstək verilir və həmin büroların əksəriyyəti təmirlidir və vəkillik fəaliayyətinin  həyata keçirilməsi üçün bütün stndartlara  cavab verir.

Sərəncamın 2.5-ci bəndində hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir. Bu sahədə də məhsuldar iş aparılmışdır. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 26 dekabr 2019-cu ildən yaradılan “Hüquqi Yardım və Tədris Mərkəzi” əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsini və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsini təmin edir. Mərkəzdə pro-bono vəkil bürosuda fəaliyyət göstərir. Mərkəz vasitəsilə 2018-ci ildən 23 mindən çox iş üzrə aztəminatlı şəxsə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquq yardım göstərilmişdir. Kollegiyanın Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli iclasında vəkillər tərəfindən şəhid ailələrinə və əlil qazilərə ödənişsiz hüquqi yardımın göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qərara alınmışdır.

2.6-ci bəndində, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub və qeyd edilən tövsiyəni nəzərə alaraq Vəkillər Kollegiyası vətəndaşların yüksək keyfiyyətli hüquqi yradımın alınmasında əlçatanlığını tam təmin etmişdir. Kollegiyanın nailiyyətlərindən biri də, Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində yerləşdirilən, fəaliyyət göstərən vəkillərin açıq reyestridir. Həmin reyestrdə vəkilin şəkli, fəaliyyət göstərdiyi vəkil qurumu, bildiyi xarici dillər, vəkilin fəaliyyətinin müddəti, təhsili, əlaqə telefonu və ixtisaslaşdığı hüquq sahələri əksini tapmaqdadır. Bununla da istənilən şəxs, işinə və tələbinə uyğun olan vəkili sərbəst seçmək imkanına malikdir. Həmçinin Kollegiya tərəfindən  görülən işlər, maliyyə hesabatları və Rəyasət Heyətininin hər bir iclasında müzakirə olunan məsələlər və qəbul edilən qərarlar  barədə Kollegiyanın rəsmi internet səhifəsində, sosial şəbəkələrdə  və müxtəlif kütləvi informasiya vasitələrində hesabatlar dərc edilir və bununla da,  Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflıq və ictimayyətin vəkilliyə əlçatanlığı təmin edilir.

 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi Sərəncamın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir. Bu istiqamətdə aparılan işlər nəticəsində Kollegiyanın rəsmi internet saytında Vəkillər Kollegiyası və onun üzvləri arasında çevik məlumat mübadiləsinin, “Elektron məhkəmə portalı”na keçidin təmin edilməsi məqəsdilə “Elektron vəkil kabineti” funksiyası əlavə olunmuşdur.  Bununla da hər hansı  vəkil saytda elektron kabinet yaratmaq imkanına malikdir. Qeyd etmək lazımdır ki, 100-ə yaxın vəkilə “ASAN imza” verilmiş, 300-dən artıq vəkilə elektron imza hazırlanmış və 1000-ə yaxın vəkillə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetin imkanları və elektron müraciət qaydalarına dair təlimlər keçirilmişdir.

Yekunda vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının  layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir və bu məqsədə nail olmaq üçün dövlət səylərini əsirgəmir, zəruri tədbirlər görür və hüquq islahatları aparır. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı da qeyd edilən islahatlar çərşivəsində qəbul olunmuş önəmli  hüquqi aktdır. Ona görə ki, Sərəncamda əks olunan bütün məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit olunan, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunmasına yönəlmişdir. Qeyd edilən konstitusiya hüququnun təmin olunması üçün güclü və nüfuzlu vəkilliyin olması şərtdir.

 Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu gün mövcud olan formatda qarşısında duran bütün məsələləri, məqsədləri, vəzifələrin icrasını və nəticədə,  vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüquqlarını təmin etməyə qadirdir. Bu isə onu göstərir ki, Azərbaycanda vəkilliyin yeni inkişaf mərhələsi başlanıb.