Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASININ ÜZVÜ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR

23 fevral 2021    1977 share share

19 fevral 2021-ci il tarixində Ukraynanın Lvov şəhərində "Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası" mövzusunda onlayn formatda (ZOOM vasitəsilə) dünyanın bir sıra ölkəsindən olan şəxslərin iştirakı ilə beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Yusif Allahverdiyev iştirak etmişdir.

Vəkil Yusif Allahverdiyev "Məhkəmələr tərəfindən ekspertizanın təyin edilməsi xüsusiyyətləri" mövzusunda çıxış edərək ölkəmizdə son dövrlərdə aparılan məhkəmə-hüquq islahatlarından danışmış, xüsusilə bu sahədə mövcud olan problemlərin və qeyd edilən məsələlərin həlli ilə bağlı məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətini vurğulamışdır.

Bildirilmişdir ki, sözügedən fərmanda mülki işlər, habelə inzibati xətalara, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi iştirakçılarının ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəyə yiyələnməsi və öyrənilməsi göstərilmişdir.

Fərmandan irəli gələn məsələlərin həlli çərçivəsində müvafiq işçi qrupları yaradılmış, işçi qrupların hazırladığı qanunvericiliyə dəyişikliklər paketi Milli Məclisdə müzakirəyə çıxarılmış və qəbul edilmişdir. Burada mühüm istiqamətlərdən biri də məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsi, yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutunun yaradılması olmuşdur ki, bu da ekspertiza ilə bağlı məhkəmə qərarlarının vaxtında icra olunması və tərəflərin hüquqlarının genişləndirilməsi ilə nəticələnmişdir. Bu isə hüquqi sabitlik və hüquqa etibar deməkdir.

Sonra mövzü üzrə konfransın digər iştirakçıları çıxışlar etmiş, bu sahədə olan problemlər səsləndirilmiş, onların həlli istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.