16 may 2021-ci tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının (ELSA Azərbaycan) birgə təşkilatçılığı ilə 10-cu Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bu tip tədbirlərin təşkilində, gənclərin dərin bilik və təcrübələr əldə etməsində Vəkillər Kollegiyasının fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulamış, Ali Məhkəmənin bu sahədəki fəaliyyətindən söz açmış və ölkədə gənclərin inkişafı sahəsində görülən işlər barədə məlumat vermişdir.
Daha sonra, çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil edilməsinə göstərmiş dəstəyinə görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkürünü bildirmiş, Kollegiyanın gənc hüquqşünasların vəkilliyə gəlmələrində maraqlı olduğunu qeyd etmiş, ELSA ilə bir neçə ildir davam edən əməkdaşlıqdan, “ProDemos – Xalq üçün” birgə layihəsindən bəhs etmiş, bundan sonra da mütəmadi olaraq belə faydalı tədbirlərin birgə təşkili barədə fikirlərini bölüşmüşdür.
Müsabiqədə proses tərəflərinin çıxışları Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Elşanə Vəliyeva, Aqil Abbasov və Elşad Şamayev tərəfindən qiymətləndirilmiş və final mərhələsinə haqq qazanan Bakı Dövlət Universitetinin hüquq tələbələrindən ibarət “Salvatores” və “Lawspective” komandaları mülki iş üzrə prosesdə çəkişmişlər.
Sonda, final mərhələsində iştirak edən hər iki komandanın üzvləri Çingiz Əsgərov və Anar Bağırov tərəfindən sertifikat və xüsusi hədiyyələrlə təltif edilmiş, o cümlədən ELSA-nın təşkilat komitəsi tərəfindən hər iki komandaya pul mükafatı təqdim olunmuşdur.
Qeyd edək ki, ELSA Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, həmçinin 60 000-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulmuşdur.