Avqustun 24-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə LAWASIA arasında onlayn görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan LAWASIA-nın prezidenti Chunghwan Choi tədbir iştirakçılarını salamlamış və təşkilatlar arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında oynadığı fəal rola görə Anar Bağırova təşəkkür etmişdir. O, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası MDB və Şərqi Avropa regionunda bu təşkilata üzv olan ilk Vəkillər Kollegiyasıdır.
Sonra Vəkillər Kollegiyasının Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Sayad Qılıcov tədbir iştirakçılarına Vəkillər Kollegiyasının tarixi, məqsədləri, fəaliyyəti, Azərbaycanda pandemiya ilə əlaqədar mövcud vəziyyət, Covid-19 zamanı VK-nın fəaliyyəti və Kollegiyanın üzvləri tərəfindən aztəminatlı şəxslərə göstərilən ödənişsiz hüquqi yardımlar haqqında ümumi məlumat vermişdir.
Daha sonra Anar Bağırov çıxış edərək Vəkillər Kollegiyası ilə LAWASIA arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu qeyd etmiş və LAWASIA-nın dünyada qanunun aliliyinin təbliğində rolunun əhəmiyyətini vurğulamışdır. Həmçinin Anar Bağırov LAWASIA rəhbərliyini Azərbaycana dəvət etmişdir.
Eyni zamanda, LAWASIA-nın vitse-prezidenti cənab Steven Thiru LAWASIA-nın müxtəlif komitələrinin fəaliyyəti, onlayn tədbirlərin, və gələcək konfranslar haqqında ətraflı məlumat vermişdir.
Son olaraq həm cənab Choi, həm də Anar Bağırov gələcəkdə birgə vebinarların, seminarların, və konfransların təşkilindən danışmış və növbəti dəfə birgə görüşün Azərbaycanda keçirlməsi barədə fikir mübadiləsi aparmışlar.
Qeyd etmək istərdik ki, LAWASIA təşkilatı Amerika, Avropa, Asiya, Afrika, Avstraliya qitələrini əhatə edən, hüquq peşəsinin maraqları və problemləri ilə bağlı fəaliyyət göstərən, hakim, vəkil və hüquq təşkilatlarının üzv olduğu assosiasiyadır. Təşkilatın tərkibinə 45-dən artıq yurisdiksiyanı təmsil edən şəxslər və hüquq birlikləri daxildir.