Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq genişləndirilir

14 sentyabr 2021    1748 share share

Sentyabrın 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (Kollegiya) ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında Kollegiyada görüş keçirilmişdir. Görüşdə Kollegiyanın sədri Anar Bağırov,  aparat rəhbəri Bayram Orucov, aparatın beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov, BQXK-in hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova və BQXQ-nin azadlıqdan məhrum olunmuş şəxslərlə iş üzrə komanda rəhbəri Elem Xayrullin iştirak etmişdir.
 
Qonaqları salamlayan A.Bağırov vəkillik sahəsində görülən işlər barədə geniş məlumat vermiş, ölkəmizdə vəkilliyə artan maraq, şəffaf qaydada keçirilən imtahanlar nəticəsində vəkillərin sayının 2.5 dəfə artaraq iki mini keçməsini, vəkil qurumlarının sayının 39-dan 110-a yaxınlaşdığını, son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarında vəkilliyin rolunu, vəkillik təsisatının güclü, nüfuzlu və müstəqilliyi üçün hər şeydən əvvəl maliyyə müstəqilliyinin təmin edildiyini və Kollegiya tərəfindən görülən işlər nəticəsində vəkillik institutun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişdir.
 
Bununla yanaşı, ADA Universitetində BQXK tərəfindən təşkil olunan Beynəlxalq Humanitar Hüquq üzrə Müsabiqədə Kollegiyanın Rəyasət Heyətinin üzvlərinin təmsil olunmasından, Kollegiyanın gənclərə dəstəyindən, xarici yarışmalarda iştirak üçün, müxtəlif layihələrin, müsabiqələrin keçirilməsi üçün maddi dəstəyin göstərildiyindən, təhsildə xüsusilə fərqlənən tələbələrə təqaüdlərin verilməsindən, vəkilliyə qəbuldan, bu sahəyə marağın dəfələrlə artmağından bəhs etmişdir.
 
Görüşdə, həmçinin, Kollegiya tərəfindən son illərdə yaradılmış Hüquqi Yardım və Tədris Mərkəzi (Mərkəz) ilə əməkdaşlıqda vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsi, vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün birgə tədris proqramlarının təşkili məsələləri müzakirə olunub və bu istiqamətdə qurumlar arasında səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
 
Daha sonra, görüşdə BQXK-nın nümayəndələri təşkilatın mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektivli məsələlər, keçirilən mühüm layihələr və onların icra mexanizmi, təşkilatın münaqişə zonalarında olan Azərbaycan vətəndaşlarına, xüsusən də münaqişələrdən əziyyət çəkən uşaqlarla bağlı gördüyü əhəmiyyətli tədbirlər, Ermənistan-Azərbaycan münaqişəsinə və humanitar əməkdaşlıq və s. ilə bağlı məlumat vermiş, həmçinin, BQXK ilə Kollegiya arasında qarşılıqlı əlaqələrdən bəhs etmiş və əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etməsi üçün bütün səylərin artırılacağını bildirmişlər.
 
Daha sonra, hər iki təşkilat arasında yaxın dönəmdə birgə təşkil edilməsi planlaşdırılan layihələr, treyninqlər, seminarlar barədə fikir mübadiləsi aparılmış və ilkin razılığa gəlinmişdir. Həyata keçiriləcək layihələr ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir.