Qırğızıstanın Prezidenti cənab Sadır Japarovun da iştirak etdiyi “Qırğız vəkillərinin II qurultayı”nda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını (ARVK) sədri Anar Bağırov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev təmsil edib.
Qırğızıstan Respublikasının dövlət qurumlarının rəhbər şəxsləri, o cümlədən Qırğızıstan, Azərbaycan, Rusiya, Belarus, Özbəkistan Vəkillər Kollegiyalarının, beynəlxalq təşkilatlarının nümayəndələri Qurultayın qonaqları və iştirakçıları sırasındadırlar.
Qurultayı açıq elan edən Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarov vəkillərin ədalət mühakiməsində qanunun aliliyinin və insan hüquqlarının qorunmasının əsaslandığı sütunlardan olduğunu qeyd etmiş və bildirmişdir ki, vəkillər peşə fəaliyyətlərini həyata keçirən zaman müstəqil olmaları, kənar təsirlərə məruz qalmamaları və qanunvericilik səviyyəsində onların hüquqları tam qorunması olduqca zəruridir.
Eyni zamanda, cənab S.Japarov Qırğızıstanın keçən 30 il ərzindəki müstəqil inkişafında dövlət quruculuğu, iqtisadiyyat, sosial sahə, hüquq-mühafizə və məhkəmə sistemində həyata keçirilmiş ciddi islahatlar və dəyişikliklər barədə geniş məlumat vermişdir.
Cənab S.Japarov qonaqların diqqətinə çatdırmışdır ki, bu islahatların həyata keçirilməsi zamanı hüquq-mühafizə və məhkəmə fəaliyyətinə daha çox önəm verilmiş, vəkillik isə ikinci planda saxlanılmışdır.
O, əvvəllər “Vəkillər Kollegiyası və vəkillik fəaliyyəti haqqında” Qırğız Respublikasının Qanunu, buradakı bəzi müddəaların həyata keçirilməməsi, o cümlədən QRVK-nın və onun nəzdindəki qurumların yer problemləri ilə bağlı məsələlər barədə danışmış və müvafiq tapşırıqlara əsasən, bu məsələlərin hər birinin öz həllini tapdığını, QRVK-nın fəaliyyəti üçün lazımi şəraitlərin yaradıldığı, həmçinin dövlət hesabına göstərilən hüquqi yardımın məbləğinin artırıldığını və s. vurğulamışdır.
Sadır Japarov məhkəmə-hüquqi islahatının növbəti mərhələsinin həyata keçirilməsinə təkan verən 2021-ci ilin iyununda Dövlət başçısı yanında Hüquq-Mühafizə fəaliyyətinin təkmilləşdirilməsi Şurasının ilk iclasından danışmış və əlavə etmişdir ki, məhkəmə islahatlarının həyata keçirilməsi və məhkəmə icraatı ilə bağlı qanunvericiliyin yenilənməsi hüquq-mühafizə orqanlarını fəaliyyətlərində müvafiq dəyişikliklər etməyə vadar edəcək, ona görə ki, qanunazid qərarlar vəkilliyin fəal iştirakı ilə müstəqil və səlahiyyətli məhkəmələr tərəfindən rədd ediləcək, məhkəmə icraatının geniş təbliğatı isə onların fəaliyyətlərindəki bütün nöqsanları aşkara çıxaracaqdır.
Sonda o, “bu gün qarşımızda hüquq-mühafizə və məhkəmə fəaliyyətində islahatlar aparmaqdan daha çətin bir iş durur. İnsanların hüquq-mühafizə orqanlarına və məhkəmələrə münasibətini dəyişməliyik. Qərarın doğru olduğunu sübut edin, onun üçün ki, insanlar hökümətə inandıqları kimi məhkəməyə də inansınlar. Şübhəsiz ki, dövlətin qarşısında duran bu vəzifəni həyata keçirməkdə mühüm rol vəkilliyə məxsusdur” - deyə Qırğızıstan Respublikasının Prezidenti bildirdi.
Daha sonra, ARVK-nın sədri Anar Bağırov Qırğız dilində ölkə Prezidentini, Qırğızıstan Respublikası Vəkillər Kollegiyasının sədrini və digər qurultay iştirakçılarını bütün Azərbaycan vəkilləri adından salamlamış, qardaş, dost ölkə Qırğızıstana səfər etmək və ARVK-nın sədri kimi bu cür mühüm tədbirdə iştirak etmək onun üçün böyük şərəf olduğunu qeyd etmiş, həm dəvət, həm də çıxış üçün söz verildiyinə görə təşəkkürünü bildirmişdir. Onun bu jesti tədbirdə iştirak edən Qırğızıstan prezidenti Sadır Japarov və qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Sonra çıxışını rus dilində davam etdirən sədr bildirmişdir ki, hər iki ölkə vəkillərinin müxtəlif peşə tədbirlərində birgə iştirakı hüquq icmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli şərait yaradır, həmçinin qeyd etmişdir ki, biz ümumi dəyərləri bölüşürük, bütün beynəlxalq vəkillik platformalarında həm MDB ölkələri, həm də türkdilli ölkələrin nümayəndələrini öz sıralarında birləşdirən TÜRKAV Təşkilatı çərçivəsində möhkəm dost və tərəfdaşıq. Əminəm ki, bizim peşəmiz bu cür əməkdaşlıqdan və təcrübə mübadiləsindən böyük dividendlər qazanır, vəkillik fəaliyyətinin xarakteri və təbiətini nəzərə alaraq, ölkələrimizdə güclü və nüfuzlu vəkillərin bərqərar olması ictimai məqsəd və vəzifələrə tam cavab verir. Bununla yanaşı, qanunun və hüququn aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, vətəndaşların yüksək hüquqi yardıma çıxışı xalqlarımızın bəyan etdiyi konstitusiyalarda ümumbəşəri dəyərlərin qorunmasına dayanan hüquqi dövlətçiliyə təminat verir.
Bundan başqa, A.Bağırov qurultay iştirakçılarına ARVK-nın fəaliyyəti barədə məlumat verib: "ARVK ölkəmizin bütün vəkillərini birləşdirən və Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən tam müstəqil, qeyri-hökumət təşkilatıdır. Bununla yanaşı, mən xüsusi qeyd etmək istəyirəm ki, sovet məkanında ilk dəfə olaraq Azərbaycanın vəkilliyi müstəqil peşə statusu almış, hələ uzaq 1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatı çərçivəsində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edilmiş və ilk dəfə olaraq Azərbaycan vəkilliyi müstəqil peşə statusu almışdır”. Son illər də Azərbaycanda vəkillik peşəsinin rolunun və təsirinin gücləndirilməsinə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsinə dövlət tərəfindən lazımi diqqət göstərildiyini qeyd etmişdir.
Həmçinin, A.Bağırov ARVK-nın öz-özünü maliyyəşdirməsi, müstəqil şəkildə idarə olunması, şəffaf şəkildə üzvlərin qəbulu, beynəlxalq təşkilatların da iştirakı ilə imtahanların keçirilməsi, beynəlxalq təcrübəyə əsaslanaraq imtizam icraatlarının aparılması və tənbehlərin tədbiq edilməsi, vəkillərin sayının son 4 ildə 2.5 dəfədən çox, vəkil bürolarının sayının isə 3 dəfədən çox artması, yerli və beynəlxalq əməkdaşlıqlar, vəkillik sahəsində qanunvericilikdəki dəyişikliklər, innovativ və elektron fəaliyyətlər, məhkəmə-hüququ islahatlarında vəkilliyin yeri və rolu, pulsuz hüquqi yardımın təkmilləşdirilməsi, vəkillərin peşəkarlıq səviyyəsinin artırılması üçün görülən tədbirlər barədə geniş məlumat vermişdir. Bununla yanaşı, xüsusilə qeyd etmişdir ki, islahatların aparılmasında ilk növbədə vəkilliyin maliyyə müstəqilliyinə diqqət yetirmək lazımdır, çünki maliyyə müstəqilliyi olmadan vəkillik güclü ola bilməz. Sonda o, qırğızıstanlı həmkarlarına vəkil mantiyası ilə məhkəmə proseslərinə qatılmağı təklif edib. Çünki prokurorların, hakimlərin forması varsa, vəkildə də olmalıdır.
Eyni zamanda, A.Bağırov ARVK-nın Qırğızıstan Respublikasında vəkilliyin gücləndirilməsində Qırğızıstandan olan həmkarlarımıza dəstək göstərməyə, zəruri hesab edilən məsələlər ilə bağlı birgə fəaliyyətə və uğurlu təcrübələri bölüşməyə hər zaman hazır olduğunu vurğulamışdır.
Sonda, A.Bağırov QRVK-nın sədri cənab Bilim Rayımqulova onun səmərəli və faydalı əməkdaşlığına, dostluğuna, həmçinin ölkələrimizin vəkilləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında göstərdiyi səyləri üçün öz dərin minnətdarlığını bildirmiş, onun Azərbaycana dəfələrlə səfər etməsindən, dostluqlarının əbədi olmasından söz açmış, o cümlədən ARVK Rəyasət Heyətinin qərarına əsasən, onu “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyasını cənab Rayımqulova təntənəli surətdə təqdim etmişdir.
Bundan başqa, Qurultay zamanı digər ölkələrin Vəkillər Kollegiyaları sədrləri çıxış etmişdir. Belə ki, Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenko Qırğızıstanda ən yüksək hüquqi mədəniyyət standartları və qanunun aliliyi prinsipinin tətbiq olunmağa başlamasını bildirmiş, ölkə başçısının Vəkillər Qurultayında iştirakı bunun canlı və danılmaz sübutu olduğunu qeyd etmiş, hər iki ölkə arasındakı münasibətlərdən danışmış və cənab Bilim Rayımqulova "Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində xidmətlərinə görə" II dərəcəli medalını təqdim etmişdir.
Belarus Respublika Vəkillər Kollegiyasının sədri Viktor Çayçits “Vəkilliyin problemi dövlətin problemidir” - deyə bildirmiş və qeyd etmişdir ki, vəkillik vətəndaşların maraqlarını təmsil etdiyi üçün dövlət onu diqqətsiz qoymayacaq. Həmçinin, o, hər 2 ölkənin vəkilliyi arasında oxşarlıqların çox olduğunu vurğulamış və bu bənzərliklərdən danışmışdır.
Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov çıxışında bildirmişdir ki, “Vəkillər hansı ölkədə olmalarından asılı olmayaraq, eyni işi fərqli hüquq sistemləri çərçivəsində görürlər”. Daha sonra, o, Özbəkistanda vəkillik fəaliyyəti və vəkillərin hüquqlarının qorunmasında əldə edilən müsbət dəyişiklikləri bölüşmüşdür. Xüsusilə, A.Ernazarov qeyd etdi ki, vəkillərin vergiyə cəlb edilməsində gəlir vergisi 52%-dən 12%-ə salınmış və vəkillər üçün bütün digər vergi növləri ləğv edilmişdir. Bundan başqa, o, vəkilin sorğusuna mane olmağa görə inzibati məsuliyyət olduğunu bildirmişdir. Son olaraq, onun fikrincə, məhkəmə və hüquq sisteminin iştirakçıları arasındakı münasibətlərin tənzimləməsində dövlətin iştirakı zəruridir; aralarındakı peşə və mənəvi bərabərlik vacibdir.
Qırğızıstan Ədliyyə Naziri Asel Çınbayeva öz çıxışında vəkilliyin qanun aliliyinin qorunmasına verdiyi əhəmiyyətli töhfəyə toxunmuşdur. Ədalət və hüquq anlayışları arasında tez-tez baş verən uyğunsuzluğu diqqətə çəkmiş, halbuki, onun sözlərinə görə, ədaləti qanuna çevirməyə çalışan məhs vəkillərdir.
AB-nin maliyyələşdirdiyi “Qırğızıstan Respublikasında qanunun aliliyinin təşviqi” layihəsinin rəhbəri Stefanos Kareklas, qanunun aliliyini möhkəmləndirmək üçün güclü təbliğatın lazım olduğunu vurğulayaraq, Qırğızıstanda vəkillər və hakimlərlə aparılan işlərdən geniş bəhs etmişdir.
Qurultayın təntənəli hissəsinin sonunda Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarov dost ölkələrin vəkil liderləri ilə görüşmüşdür. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov səmərəli əməkdaşlığa, göstərdiyi diqqətə, vəkil peşəsinin nüfuzunu gücləndirdiyinə və onun inkişafında birbaşa iştirakına görə cənab S.Japarova minnətdarlığını bildirmişdir.