Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir.

23 fevral 2022    2039 share share

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən  görülən işlərin vəziyyəti və  Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
 
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədin onlayn andiçmə mərasimi keçirilmişdir.
 
Bunun yanaşı, “Vəkil qurumlarının təşkili və fəaliyyəti haqqında” Qaydalarda dəyişiklik edilməsi və dövlət hesabına göstərilən hüquqi yardımla bağlı vəkil hesabatının yeni forması ilə bağlı məsələlərə baxılmış və müsbət qərarlar qəbul edilmişdir. Həmçinin, dövlət hesabına göstərilən hüquqi yardımla bağlı mart ayı üzrə növbətçilik siyahıları təsdiq olunmuşdur.

Eyni zamanda, 16.02.2022-ci il tarixdə “Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi: illik hesabat və mövcud problemlər” mövzusunda bütün büro rəhbərlərinin iştirak ilə keçirilən geniş tərkibdə onlayn iclas zamanı, sədr Anar Bağırov dövlət hesabına hüquqi yardımla bağlı nöqsanların daha dəqiq araşdırılması və aradan qaldırılması üçün monitorinq qrupunun yaradılmasını təklif etmiş və bu gün Rəyasət Heyətinin qərarına əsasən, həmin sahə üzrə monitorinq qrupu yaradılmışdır.
 
Daha sonra, Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən təşkil edilmiş və 44 günlük şanlı Vətən Müharibəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” II Vəkil bədii yaradıcılıq müsabiqəsinin yekunlaşması, Vəkillər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə “I vəkil kuboku” tədbirinin təşkil edilməsi, o cümlədən 3 mart tarixində qadın vəkillərin görüşü ilə bağlı tədbirin təşkilati məsələləri iclas çərçivəsində müzakirə edilmişdir.
 
Bundan başqa, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi dekanlığının müraciətinə əsasən, həmin fakültənin tələbələrindən ibarət komandanın onlayn qaydada keçirilən Villem C. Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsinə qatılmaq üçün nəzərdə tutulmuş qeydiyyat xərcləri və məşğələlərdə iştirak üçün texniki avadanlıqların olması barədə məsələyə baxılmış və iclasda 1000 (min) manat məbləğində maddi dəstək göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunmuşdur.
 
Həmçinin, iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, vəkil kabinetlərinin yaradılması və sairə məsələlərə baxılmış və müsbət qərarlar verilmişdir.
 
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.