29-30 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) nümayəndə heyəti, ARVK Rəyasət Heyətinin sədri Anar Bağırov və üzvü Elçin Usub Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Almaniya Federal Vəkillər Palatası tərəfindən təşkil olunmuş 5-ci Beynəlxalq Vəkillər Forumunda iştirak etmişdir.
Beynəlxalq Vəkillər Forumu hər iki ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları və hüquq cəmiyyətləri, habelə dövlət rəsmilərinin iştirak etdiyi qlobal və geniş miqyaslı bir tədbirdir.
Tədbirin gedişatında ədliyyə sisteminin rəqəmsallaşdırılması, rəqəmsal dünyaya transformasiya prosesi, böhran dövründə ədliyyə sisteminin, vəkillərin və hüquq cəmiyyətlərinin rolu, qanunvericilik və ədliyyə siyasəti sahəsində mövcud bir sıra digər tendensiyalar və inkişaflar üzrə beynəlxalq müzakirələr aparılmışdır.
Bunlarla yanaşı, Almaniya Federal Vəkillər Palatasının sədri cənab Ulrix Vessel, Amerika Vəkillər Assosiasiyasının prezidenti Debora Eniks-Ross və tədbirdə iştirak edən digər ölkələrin nüməyəndələri ilə ARVK nümayəndə heyəti arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi edilmiş və gələcək əməkdaşlıq barədə təkliflər müzakirə olunmuşdur.
ARVK Rəyasət Heyətinin sədri Anar Bağırov Berlin şəhərinə səfəri zamanı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında yerləşən səfirliyini ziyarət etmiş, səfirimiz cənab Nəsimi Ağayev ilə görüşmüşdür. Görüşün gedişatında Almaniya Federativ Respublikasında yaşayan həmyerlilərimizin hüquqlarının müdafiəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.