17 dekabr 2022-ci il tarixində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində Vəkillər Kollegiyasının üzvü, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Hüquqi təminat departamentinin Hüquqi məsələlərin tənzimnlənməsi şöbəsinin müdiri h.f.d. İlqar Babayevin müəllifi olduğu “Beynəlxalq ticarət müqavilələri hüququnun unifikasiyası” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Kitab müəllifin İstanbul Ticarət Universitetində Beynəlxalq ticarət və Avropa Birliyi hüququ sahəsində aldığı doktorantura təhsili zamanı yazdığı doktorantura dissertasiyası əsasında hazırlanmış, Ankarada "Seçkin Yayınevi" tərəfindən nəşr edilmişdir.
Təqdimat mərasimini giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov tədbir içtirakçılarını Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov adından salamlamış, kitabın mövzusu, kitabın vəkillər üçün əhəmiyyətindən bəhs etmişdir.
Həmçinin, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri Tural Feyzullayev, Administrasiyanın əməkdaşı tarix üzrə fəlsəfə doktoru Rəşad Abdulla, Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, professor Yaqub Babayev müəllif və kitab barədə öz fikirlərini bildirmişdirlər.
Sonradan İlqar Babayev kitabın mövzusu, əhəmiyyəti, hüquq elminə verdiyi töhfə barəsində iştiakçıları geniş şəkildə məlumatlandırmışdır. Sonda tədbir iştirakçılarına kitablar paylanmış və müəllif tərəfindən imzalanmışdır.