Azərbaycan vəkilliyi tarixində ilk dəfə olaraq cənab Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Vəkil günü” peşə bayramı təsis edilmişdir.
Məlum olduğu kimi 28 dekabr- “Vəkil günü" peşə bayramı ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən bir sıra tədbirlər keçirilir.
Belə ki, bu il də hər il olduğu kimi cari ildə də 28.12.2022-ci il tarixində Vəkillər Kollegiyasının rəhbərliyi və vəkillər Fəxri Xiyabanı ziyarət etmiş, Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, Ulu öndərin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilmişdir. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Vəkillər Kollegiyasının rəhbərliyi və vəkillər "Türk şəhidliyi” və Şəhidlər Xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzmüşlər, xatirə şəkli çəkdirmişlər.
Daha sonra 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini nəzərə alaraq, Ulu Öndərin zəngin və şərəfli ömür yolunu və çoxsaylı xidmətlərini özündə əks etdirən eksponatların qorunduğu Heydər Əliyev Mərkəzinə səfər təşkil olunmuşdur.
Silsilə tədbirlərin davamı kimi “Vəkil günü” peşə bayramı çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Həmçinin qeyd olunmalıdır ki, Vəkillər Kollegiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası məqsədilə təşkil olunan aksiyada Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, 300-dən çox vəkil, onların ailə üzvləri və vəkil köməkçiləri, həmçinin nazirliyin əməkdaşları iştirak edib. aksiya çərçivəsində Bakı şəhəri Xocasən gölü ətrafında 1100 şam və zeytun ağacları əkilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Eyni zamanda, əkilən ağacların mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlər görülüb.
Eyni zamanda keçirilən tədbirlərin davamı olaraq bir sıra ümumi orta və ali təhsil müəssisələrində vəkillər tərəfindən maarifləndirmə tədbirləri çərçivəsində “Vəkil saatı” təşkil edilmişdir. Belə ki, hüquq fakültələrinin olduğu ali təhsil müəssisələrində Kollegiya rəhbərliyinin və vəkillərin iştirakı ilə görüşlər keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.