31 mart 2023-cü ildə Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti – Marek Novitski və Ceremi MkBrayd Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olublar.
Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlayaraq, Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyəti, qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Sədr son illərdə vəkillik sahəsində aparılan islahatlar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat verib.
Sonra Vəkillər Kollegiyasının gördüyü işlərə dair təqdimatla Kollegiyanın Aparat rəhbəri Bayram Orucov çıxış edib.
Marek Novitski və Ceremi MkBrayd isə səmimi görüşə görə təşəkkürlərini bildirib, Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırıblar.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Görüşdə, həmçinin Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi üzrə əlaqələndiricisi Başak xanım Boyoğlu və Avropa Şurası Bakı Ofisinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, Avropa Şurasının Bakı Ofisi “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində ehtiyacların qiymətləndirilməsi üzrə milli tərəfdaş qurumlarla ikitərəfli görüşlər keçirir.