100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş keçirilib

20 April 2023    1267 share share

Azərbaycan Respublikasının Ali Məhkəməsinin təşəbbüsü ilə yaradılan Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş keçirilib.
 
Ali Məhkəmənin sədri İnam Kərimov qonaqları salamlayaraq, onları Ali Məhkəmədə görməkdən məmnun olduğunu bildirib. Sədr qeyd edib ki, ölkəmizdə məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlətçiliyin təməl prinsiplərindən sayılan qanunun aliliyinə, insan hüquqları və demokratik dəyərlərin qorunmasına xüsusi diqqət verir: “Əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan islahatlar nəticəsində ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş verib, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilib, onların səlahiyyətləri genişləndirilib, sayı artırılıb, maddi təminatları yaxşılaşdırılıb, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunub”.
 
İnam Kərimov vurğulayıb ki, məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan sonuncu böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının qəbulu ilə başlayıb. Bu sənədin icrası ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmədə  müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib. Son illərdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb: “Aparılan islahatlar nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının strukturu və ştat cədvəli yenidən müəyyən edilib. Yeni strukturda məhkəmə aparatı gücləndirilib ki, bu da vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqinə dəstək vermək məqsədi daşıyır”.
 
İnam Kərimov diqqətə çatdırıb ki, aparılan geniş islahatlar vəkillik institutundan yan keçməyib. Son dövrlər ölkəmizdə vəkillik institutunun daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Sədr qeyd edib ki, ölkə başçısının məlum Fərmanının icrası çərçivəsində məhkəmə-hüquq sistemində bir sıra uğurlu islahatlar aparılsa da, qarşıda görüləcək işlər var: “Ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. Bu tələbləri qarşılamaq üçün məhkəmə-hüquq sisteminin bütün iştirakçıları ilə dialoq qurmağa xidmət edən yeni bir layihəyə - “Femida Dialoq Platforması” layihəsinə start vermişik”.
 
Ali Məhkəmənin sədri bildirib ki, Femida Dialoq Platformasının məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdir: “Femida Dialoq Platforması çərçivəsində ilk görüş Azərbaycan Vəkillər Kollegiyası ilə keçirilir. Bu da təsadüfi deyil. Çünki Vəkillər Kollegiyasının üzvləri məhkəmə-hüquq sistemində önəmli funksiyanı yerinə yetirirlər. Bu gün biz həm məhkəmə-hüquq sistemində görülən işlər, hazırki vəziyyət barədə danışacağıq, həm də vəkillərin üzləşdiyi problemlər və məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində təklifləri dinləyəcəyik. Düşünürəm ki, bu gün birgə uğurlu əməkdaşlığın əsasını qoyacağıq”.  
 
Daha sonra çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov görüşün təşkilinə görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını bildirib, eyni zamanda “Femida Dialoq Platforması” adlı yeni layihə təşəbbüsünü yüksək qiymətləndirərək, ilk görüşün vəkillərlə keçirilməsindən məmnunluğunu ifadə edib. O əlavə edib ki, Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərinin bu gündən etibarən daha da güclənməsi, habelə, bu müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə-hüquq sisteminin inkişafı və məhkəmələrdə proses iştirakçıları arasında qeyri-prosessual münasibətlərin aradan qaldırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Anar Bağırov qeyd edib ki, Ali Məhkəmə tərəfindən vəkillərin üzləşdiyi problemlərin araşdırılması və həlli istiqamətində atılan addım təqdirəlayiqdir: “Vəkillərin aparılan məhkəmə-hüquq islahatlarında rolu və tədbirin formatını nəzərə alaraq, biz əvvəlcədən bütün vəkillərə müraciət etmişik və görüşdə iştirak etməyən vəkillərin təklifləri də ümumiləşdirilmiş formada Ali Məhkəməyə təqdim olunacaq. Məhkəmələrdə problemlərdən, qanunvericilikdəki boşluqlardan vəkillər daha çox məlumatlıdırlar. Çünki onlar gün ərzində bir neçə dəfə məhkəmə prosesində olur, ədalət mühakiməsinin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər. Bu baxımdan, hesab edirəm ki, bugünkü görüşümüz, müzakirələr çox faydalı olacaq”.
 
Sonra tədbir qarşılıqlı müzakirələrlə davam edib, vəkillərin təklifləri dinlənilib. Tədbirin sonunda Vəkillər Kollegiyası tərəfindən Ali Məhkəməyə Femida heykəli hədiyyə edilmişdir.