“Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq Vəkillər Kollegiyası və Milli Məclisin sədr müavini, eyni zamanda Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə 26 aprel 2023-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir.
Hüquqi yardım göstərilən şəxslərin dairəsini həssas qrupa daxil olan vətəndaşlar - şəhid ailələri, qazilər və aztəminatlı ailələr əhatə etmişdir.
Aksiya çərçivəsində “De Fendo” Vəkil Bürosunun vəkilləri tərəfindən 30 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.