3 may 2023-cü il tarixində DİN-in Polis Akademiyasında “Heydər Əliyev və müasir Azərbaycan” adlı Respublika elmi-praktik konfransı keçirilib. Tədbirə başlamazdan öncə qonaqların iştirakı ilə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulub. Daha sonra Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdi.
Konfrans iştirakçılarını açılış nitqi ilə salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransın işinə uğurlar arzuladı. Akademiya rəisi bildirdi ki, bu gün Azərbaycan gənclərinin bütün sahələrdə özlərini doğrultmaları, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir.Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
Tədbirin davamında DİN-in Polis Akademiyasının kursantı Fəxri Şirinov kursantları tərəfindən hazırlanmış Ulu öndərə həsr olunmuş saytın təqdimatını etdi. Təqdimatdan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis v.m.i.e., polkovnik Elşad Nəsirov, Mediasiya Şurasının İdarə Heyətinin sədri, h.ü.f.d. Nadir Adilov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Nigar Qələndərli konfransda açılış nitqi ilə çıxış etdilər. Konfransda Polis Akademiyasının Heydər Əliyev təqaüdünə layiq görülmüş məzunları da fəxri qonaq qismində iştirak edirdi.
Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Ombudsman Aparatı, Ədliyyə Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşları Ulu öndərin həyat və fəaliyyətini əks etdirən məruzələrlə çıxış etdilər, məhz Ümummilli liderin fəaliyyəti nəticəsində Azərbaycan gəncliyinin öz layiq olduğu mərtəbəyə yüksəldiyini konfrans iştirakçılarının diqqətinə çatdırdılar. Heydər Əliyevlə canlı görüşlərin iştirakçısı olan qonaqlar öz xatirələrini konfrans iştirakçıları ilə bölüşdülər.
Sonda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi. Akademiya rəisi polis general-mayoru Canpolad Daanov yekun nitqi ilə çıxış edərək iştirakçılara təşəkkürünü bildirdi.