100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

BDU-nun Hüquq fakültəsində “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfrans keçirilib

09 May 2023    863 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfransda iştirak edib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan konfrans Hüquq fakültəsinin dekanı Zaur Əliyevin açılış nitqi ilə davam etdirilib.

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edən Zaur Əliyev bildirib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Məhz Ulu Öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması hüquq elminin inkişafında dönüş nöqtəsi yaratmış və yeni eranın başlanğıcı olub. Fakültə dekanı bildirmişdir ki, bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik.

Ulu öndərin başladığı səmərəli hüquqi islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən dekan, dövlət başçısı tərəfindən imzalanmış aktların qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etdiyini diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi müxtəlif layihələrin məhz təhsilin inkişafına xidmət etdiyini xüsusi vurğulayan dekan, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz rolunu qeyd edib.

Yekun nitqində Hüquq fakültəsinin dekanı Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin memarı olduğunu vurğulayıb.

Daha sonra “Heydər Əliyev məhkəmə-hüquq sisteminin qurucusudur” mövzusunda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Ulu Öndərin məhkəmə-hüquq islahatlarının respublikamızın müasir və demokratik əsaslarla inkişafında mühüm rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, Heydər Əliyev yaxşı başa düşürdü ki, dövlətin inkişafı məhkəmə hakimiyyətinin inkişafından asılıdır. Çıxışının davamında Heydər Əliyev ideologiyasının Vətən müharibəsində Müzəffər Ali Baş Komandan tərəfindən davam etdirilməsini xüsusi qeyd edən B.Məhərrrəmov tələbələrə üzünü tutaraq onları Ulu Öndəri ideal seçərək hər zaman Azərbaycan dövlətinə xidmət etməyə çağırıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Ulu Öndərin xarici siyasətinə həsr olunmuş çıxışında Heydər Əliyevin Azərbaycanın dünyaya tanıdılmasını, respublikanın milli maraqlarının beynəlxalq aləmdə qorunmasını rəhbər tutan xarici siyasəti haqqında ətraflı məlumat vermiş və 10 ilə yaxın dövr ərzində Ulu Öndərin rəhbərliyi altında çalışdığını qürur hissi ilə bildirib. X.Xələfov qeyd edib ki, elə insanlar vardır ki, onları tarix yaşadır. Heydər Əliyev belə şəxsiyyətlərdəndir.

“Heydər Əliyev və müstəqil Azərbaycan vəkilliyi” mövzusunda çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Möminə Xatun türbəsinin üzərində yazılmış sözləri - “Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar!” qeyd edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan dövləti onun şah əsəridir. Daha sonra Heydər Əliyevin Azərbaycan vəkilliyinin formalaşması və inkişafında əvəzsiz rolundan bəhs edən A.Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmış və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilmişdir. Ulu Öndərin ən böyük arzusu dövlətimizin müstəqilliyinin əbədi olması idi. Biz çox xoşbəxt insanlarıq ki, bu yüksək amala çox sadiq fəaliyyət göstəririk və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimiz və müstəqilliyimiz daim qorunur.

“Heydər Əliyev irsi: davamlı sosial inkişafa aparan yol” mövzusunda çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov respublikamızda sosial dövlət ideyasının banisi olan Ulu Öndərin sosial siyasətinin əsas istiqamətlərindən danışmış, sosial inkişafın statistik göstəricilərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun rolu haqqında çıxış etmiş, konfransın təşkilinə görə Hüquq fakültəsinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli Azərbaycan Prokurorluğunun inkişafında Ulu Öndərin misilsiz xidmətləri haqqında çıxış edib.

Daha sonra Hüquq fakültəsinin III kurs tələbəsi Cavid Mirzəzadə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi Ulu Öndər Heydər Əliyev haqqında çıxış edərək, Azərbaycan vətəndaşı olduğu üçün qürur duyduğunu və Ümummilli liderin ideologiyasına hər zaman sadiq qalacağını bildirib.

Konfransın işində həmçinin Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin üzvü Sənan Tapdıqov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Hüquq və İnsan Haqları İnstitutunun idarə heyətinin sədr müavini Üzeyir Məmmədov iştirak ediblər.

Konfransda Ulu öndərə həsr edilmiş film nümayiş etdirilib.