100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vaşinqton Hüquq Kollecinin professorları ilə Vəkillər Kollegiyasında görüş keçirilib.

18 May 2023    728 share share

17 may 2023-cü il tarixində ABŞ-nin nüfuzlu universitetlərindən olan Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin “Beynəlxalq Hüquq Araşdırmaları Proqramı”nın rəhbəri (ILSP), professor Padideh Ala’i Universitetin “Xarici və Beynəlxalq Proqramlar”nın rəhbəri, professor Melanija Radnovic Vəkillər Kollegiyasında olublar.

Qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illərdə vəkillik sahəsində görülmüş işlərdən, xüsusilə, ölkədə hüquq fakültəsinin fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələri ilə imzalanmış əməkdaşlıq memorandumlarından, bu çərçivədə birgə icra edilmiş layihələrdən, tələbələrə və gənclər təşkilatlarına yaradılan şəraitdən danışmış, habelə, Kollegiyanın müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı barəsində ətraflı məlumat vermiş, Amerika Hüquq Məktəbi ilə Vəkillər Kollegiyası arasında imzalanmış sazişə əsasən əldə olunmuş xüsusi güzəştləri qeyd etmiş və bu əlaqələrin davam etdirilməsinin zəruriliyi barədə fikirlərini bölüşmüşdür.

Eyni zamanda, qeyd olunan istiqamətlərdə görülən işlər barədə təqdimat keçirilərək təfərrüatlı məlumat qonaqların diqqətinə çatdırılmışdır.

Daha sonra, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov səfərin məqsədi və bu görüşün əhəmiyyəti barədə ətraflı məlumat verib.

Bu çərçivədə, ölkəmizdə ali təhsil müəssisələrində hüquq təhsili, tədris zamanı rastlaşılan problemlər, mövcud problemlərin hüquqi elmi-nəzəri və praktiki cəhətdən həll olunması, yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması, hüquq elmi və təhsilini aparan alimlərin və dərs vəsaitlərinin çatışmazlığı, fakültələrin özünün ayrıca ixtisaslaşdırılmış kitabxanalarının yaradılması, resursların sayının artırılması, keyfiyyətli tərcümələrin həyata keçirilməsi, müxtəlif dillərdə hüquq ədəbiyyatlarının nəinki tədrislə bağlı, eyni zamanda, elmi tədqiqatlar səviyyəsində də artırılması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Görüşdə, həmçinin, ADA Universitetinin professor-müəllim heyətində təmsil olunan vəkillər, habelə, Vəkillər Kollegiyasının qurumlarının nümayəndələri iştirak etmiş, mövcud problemlər və bu istiqamətdə çoxsaylı təkliflər səsləndirilmişdir.