100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans keçirilmişdir

19 May 2023    1182 share share

19 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfdaşlığı ilə “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans keçirilib.
 
İştirakçıları salamlayan Komitə sədri Bahar Muradova bildirib ki, Konfransın keçirilməsində məqsəd adıçəkilən mövzu ilə bağlı Azərbaycanda mövcud vəziyyətə dair istər qanunverici aspektdə, istərsə də faydalı və səmərəli mexanizmlərin yaradılması istiqamətində təkliflərin dinlənilməsi, müvafiq qaydada tətbiqi ilə bağlı görüləcək işlər ətrafında fikir mübadiləsi etməkdir.
 
Ailənin cəmiyyətin nüvəsi olduğunu vurğulayan Komitə sədri qeyd edib ki, hər bir dövlət mənəvi təməlləri sarsılmaz olan ailə institutunun formalaşmasında maraqlıdır. Çünki yalnız güclü ailə, fiziki və mənəvi cəhətdən sağlam yetişdirilən nəsil güclü bir dövlətin və cəmiyyətin təməli rolunu oynaya bilər. Azərbaycanın öz inkişafını və gələcəyini milli köklər üzərində qurduğunu qeyd edən B. Muradova bildirib ki, Prezident cənab İlham Əliyevin də dediyi kimi, ənənəvi dəyərlər ən böyük sərvətdir: “100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ailə siyasətinin bu gün də uğurla davam etdirilir”.
 
Hazırda ölkədə bir sıra vacib sənədlərin icra olunduğunu diqqətə çatdıran sədr, Dayanıqlı İnkişaf Məqsədləri, Strateji Yol xəritəsi və cənab Prezidentin həyata keçirdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi proqramların hər birində qadın və qızların, uşaqların hüquqlarının, eləcə də ailə dəyərlərinin qorunmasının vacib xətt kimi nəzərdə tutulduğunu qeyd edib.
 
Üç regionda yeni Ailə Mərkəzinin açılmasının nəzərdə tutulduğunu bildirən B. Muradova, bu mərkəzlərdə xidmət-əlaqələndirmə və yönləndirmə prosesinin həyata keçiriləcəyini deyib. Komitənin sifarişi ilə hazırlanan “Ailənin sosial-psixoloji təhlili” adlı tədqiqat haqqında məlumatları diqqətə çatdıran sədr, bu təhlilin Komitənin fəaliyyəti üçün yeni istiqamətlər açdığını, həllini gözləyən bir sıra təxirəsalınmaz məsələlərin mövcud olduğunu bildirib.
 
Ailə məhkəmələrinin fəaliyyətinin vacibliyinə toxunan B. Muradova ailə hakimlərinin ixtisaslaşmasının, onlara rəsmi status verilməsinin vacibliyini qeyd edib: “Bununla belə mən Ali Məhkəmənin bu istiqamətdəki fəaliyyətini təqdir edirəm. Bu konfransın keçirilməsində də Ailə Məhkəmənin tərəfdaş olması bizim üçün çox vacibdir. Bu istiqamətdə ardıcıl birgə fəaliyyət göstərəcəyimizə inanıram”.
 
Çıxış edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində prinsipial və davamlı tədbirlər görülmüş, ailə münasibətlərini tənzimləyən müasir, milli dəyərlərə və beynəlxalq praktikaya əsaslanan qanunvericilik bazası yaradılmışdır.
 
Ötən illə müqayisədə boşanmaların sayının nisbətən azaldığını diqqətə çatdıran A.Bağırov əlavə edib ki, buna baxmayaraq mövcud say kifayət qədər yüksəkdir: “Məhkəmələrdə olan mülki işlərə diqqət etdikdə "nikahın pozulması, aliment tələbi" üzrə iddiaların digər mülki işlərə nisbətən üstünlük təşkil etdiyini görə bilərik”. O, eyni zamanda Azərbaycan Aliment fondunun yaradılmasının təklif edərək qeyd etmişdir ki, bu məsələ bir necə dəfə qaldırılmışdır. Belə ki, aliment fondlar artıq bəzi ölkələrin təcrübəsində mövcuddur.
 
Erkən nikah məsələsinə diqqət çəkən Anar Bağırov bildirib ki, belə nikahlar sağlamlığın qorunması, təhsil, əmək və şəxsi toxunulmazlıq hüquqları kimi insan hüquqlarının pozulmasına səbəb olur. Sədr həmçinin ailə sahəsində ixtisaslaşan hakimlərin və ya Ailə Məhkəmələrinin yaradılması zəruridir.
 
Daha sonra çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, mövzunun aktuallığını qeyd edərək, konfransın qarşıya qoyulmuş məqsədlərinə çatacağına inamını ifadə edib. O bildirib ki, ailənin mövcudluğu və onun qorunması cəmiyyətin inkişafının zəruri şərtlərindən biri olduğu üçün dövlətimiz hər zaman nikahın möhkəmlənməsi məsələsinə xüsusi diqqət ayırır. S.Hacıyev, başda dövlətin əsas qanunu olan Konstitusiya daxil olmaqla, ailə qanunvericiliyinin əsas məqsədinin məhz ailənin qorunub saxlanmasına yönəldiyini vurğulayıb. Əlavə edib ki, qanunvericiliyin analizi nikahın pozulması hallarının qarşısının alınmasına və bu mübahisələrin barışıq yolu ilə həllinə yönələn bir sıra mexanizmlərin nəzərdə tutulduğunu göstərir: “Bu mexanizmlərə diqqət yetirdikdə, onların hər birinin əsas məqsədinin məhz nikahın pozulması prosesini ləngitməklə, tərəflərin barışığa yönəldilməsindən ibarət olduğu müəyyən edilir”.
Mediasiya prosesləri ilə bağlı məlumatları diqqətə çatdıran Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, hazırda ölkə üzrə 31 mediasiya təşkilatının və 300 mediatorun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, qeyd olunan sayın artırılmasında layiqli, peşəkar namizədlərin təyin olunması ilə bağlı çətinliklərdən söz açıb. Ailə mübahisələrini yaradan müxtəlif səbəblərdən danışan sədr, bu problemlərlə bağlı mediasiyaya edilən müraciətlərin statistikasını açıqlayıb. N.Adilov, çıxışının davamında mediasiya prosesi nəticəsində barışıq sazişlərinin faizinin artdığını, eyni zamanda məhkəmə prosesinə müsbət təsir göstərdiyindən danışıb, vətəndaşlarda hüquq mədəniyyətini formalaşdırdığını söyləyib. O, psixoloji xidmətlərin reyestrinin yaradılması, sığınacaqların fəaliyyətinə nəzarətedici mexanizmlərin yaradılmasına ehtiyac olduğunu bildirib.
 
Konfransın mövzusunun aktuallığını qeyd edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, problemin çoxspektrli olduğuna diqqət çəkərək, milli qanunvericiliyin kompleks şəkildə incələnməli olduğunu, preventiv mexanizmlərin həyata keçirilməsi məqsədi ilə bir sıra hüquqi-normativ aktların qəbul olunmasının önəmini vurğulayıb. Millət vəkili çıxışını nikaha daxil olanların maarifləndirilməsi, eləcə də boşanma zamanı tərəflər arasında yaranan məsələlərin həlli ilə bağlı təkliflərini səsləndirməklə davam etdirib.
 
Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri vəzifəsini icra edən, Vəkillər Kollegiyasının üzvü Məhəbbət Dəmirçiyeva, vəkillər Leyla Məmmədova, Leyla Bədəlova, Könül İsgəndərli, Səttar Məmmədov, Akif Əlizadə nikahın xitamı ilə bağlı narahatedici məqamlara toxunaraq, təkliflərini səsləndiriblər.
 
Konfrans çıxışlarda səsləndirilən fikirlərin müzakirəsi ilə davam edib, aliment fondunun yaradılması, nikah müqaviləsinin bağlanması, məcburi mediasiya proseslərinin tətbiqinə dair fikir mübadiləsi aparılıb. Qeyd etmək istərdik ki, tədbirdə 30-a yaxın vəkil ştirak etmişdir.