100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının nümayəndəsi Serbiyada beynəlxalq tədbirə qatılıb

25 May 2023    1003 share share

18-19 may 2023-cü il tarixlərində Serbiya Vəkillər Kollegiyasının dəvəti ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından Kollegiyanın Biznes Hüququ Komitəsinin maliyyə hüququ qrupunun rəhbəri, vəkil Əfqan Baxışov Novi Sad şəhərində Vəkil Gününün qeyd olunmasına həsr edilmiş tədbirdə iştirak etmişdir.  

Voyvodina Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Vəkillər Kollegiyaları Federasiyasının, Gənc Vəkillər Beynəlxalq Assosiasiyasının, Serbiya Vəkillər Kollegiyasının, o cümlədən, Türkiyə, Fransa, Belçika, Macarıstan, Makedoniya, Xorvatiya, Moteneqro, Bosniya və Hersoqovina Vəkillər Kollegiyalarının rəhbər şəxsləri, təmsilçiləri və üzvləri də iştirak etmişlər. 

Tədbirin gündəliyinə uyğun olaraq 18 may 2023-cü il tarixində bütün qonaqlar üçün rəsmi qəbul keçirilmişdir. Mayın 19-u isə qonaqlar Novi Sad şərində yerləşən musiqi məktəbində serbiyalı bəstəkarların, eləcə də digər tanınmış musiqiçilərin əsərlərini pianoçuların ifasında dinləmiş, daha sonra Voyvodina vilayətinin Parlament Binasında Vəkillik Gününə həsr edilmiş rəsmi tədbirdə iştirak etmişlər. Tədbirdə iştirak edən qonaqlar tərəfindən Vovodina Vəkillər Assosiasiyasınn tarixi, fəaliyyəti barədə geniş məlumat verilmiş, bir sıra vəkillərə təltifnamələr təqdim edilmiş, eləcə də Vəkillik Günü münasibətilə rəsmilərin çıxışları dinlənilmişdir. Daha sonra iştirakçılar tarixi zəngin olan Noviy Sad şəhəri ilə tanışlıq turuna qoşulmuşlar. Tədbirin yekunu Noviy Sad şəhərində təntənəli şam ziyafəti ilə tamamlanmışdır.

Tədbirdə müxtəlif ölklərin, regionların təmsilçilərinin iştirak etməsi qarşılıqlı əməkdaşlığın artırılması, gücləndirilməsi istiqamətində müzakirələr üçün də əhəmiyyətli olmuşdur. Xüsusilə də Balkan regionunun vəkil qurumlarının rəhbərləri və digər təmsilçiləri ilə fikir mübadilələri zamanı təşkil olunan belə beynəlxalq tədbirlərdə iştirakın zəruriliyi vurğulanmışdır. Eyni zamanda, Avropa Vəkillər Kollegiyaları Federasiyasının Prezidenti, vitse-prezidenti və baş katibi ilə müzakirələrdə Azərbaycanda aparılan hüquq islahatları, vəkillərin statusunun və müstəqilliyinin daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.

Qonaqlar eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə iyunun əvvəli Bakı şəhərində keçiriləcək beynəlxalq konfrans barədə məlumatlandırılmışlar. Qeyd edək ki, keçiriləcək tədbirdə müxtəlif ölklərin, o cümlədən Serbiya Vəkillər Kollegiyasının prezidenti də iştirak edəcəklər.