100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Azərbaycan Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları Federasiyasına tamhüquqlu üzv seçildi

17 June 2023    1433 share share

15-17 iyun 2023-ci il tarixlərində Niderland Krallığının paytaxtı Amsterdam şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) ümumi qurultayında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) həmin təşkilata tamhüquqlu üzv olaraq qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan 20 ölkənin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan ilk ölkə Azərbaycan Respublikası olmuşdur.
 
Bir müddətdir sözügedən təşkilat tərəfindən ünvanlanan sorğular üzrə hazırlanan hesabatların, davam edən danışıqların, keçirilən görüşlərin nəticəsi olaraq, ARVK FBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmışdır. Qeyd edək ki, FBE təşkilatına yalnız Avropanın tam müstəqil vəkil peşə birlikləri qəbul oluna bilərlər.
 
Belə ki, konqresdə ARVK sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Elçin Usub, Aparat rəhbəri Bayram Orucov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasovadan ibarət ARVK nümayəndə heyətinin təqdimat və çıxışlarından sonra, habelə FBE təşkilatının Prezident heyəti və Komitələri tərəfindən ünvanlanan bütün sualların cavablandırılmasının nəticəsi etibarilə, ARVK tamhüquqlu üzv kimi FBE-yə qəbul olunmuşdur.
 
Qeyd edək ki, bu üzvlük ARVK-nın işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır və vəkillərin fəaliyyətini Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. 
Bu üzvlük və uğur, eyni zamanda, ölkəmizin imicinə də müsbət təsir göstərir. Beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi nailiyyətlər və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur.