19-20 iyun tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Belçika Krallığının paytaxtı Brüssel şəhərində rəsmi səfərdə olub.
Əvvəlcə Brüssel Vəkillər Kollegiyasının Niderland dilli bölməsinin prezidenti Bernard Derveaux ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan-Belçika vəkilləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi, vəkillər üçün təlimlər, konfransların keçirilməsi məsələsi müzakirə olunub. Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirən Bernard Derveaux görüşdə səsləndirilən təkliflərin reallaşması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) illik ümumi yığıncağında iştirak etmişdir. Ümumi yığıncağı giriş sözü ilə açan AEA-EAL-in prezidenti Maria Slazak iclas iştirakçılarına təşkilatın 2022-ci il üzrə olan fəaliyyəti barədə məlumat vermişdir. İclas çərçivəsində təşkilatın fəaliyyət planının təqdimatı və müzakirəsi ilə bağlı çıxışlar edilmiş, habelə bu günə qədər AEA-EAL tərəfindən görülən işlər və gələcəkdə planlaşdırılan işlər barədə geniş məlumat verilmişdir.
Daha sonra, Löven Katolik Universiteti (KU Leuven) hüquq fakültəsinin rəhbərliyi ilə ARVK nümayəndə heyəti arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, vəkillərin peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə qarşıdakı dönəm üçün əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılmışdır. Hər iki qurum arasında yaxın dönəmdə birgə təşkil edilməsi planlaşdırılan layihələr barədə ilkin razılığa gəlinmiş və həyata keçiriləcək işlər ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
İyunun 20-də isə nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) baş ofisini ziyarət edib. CCBE-nin Baş Katibi Simone Cuomo görüşdən məmnunluğunu ifadə edərək, ARVK ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırmışdır.
Sonra Avropa Parlamentində görüş keçirilmişdir. Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Eyni zamanda, Avropa İttifaqı Avropa Xarici Fəaliyyət Xidmətinin İnsan Hüquqları üzrə işçi qrupunun sədri, Drahoslav Stefanek ilə görüş keçirilmiş, gələcəkdə birgə layihələrin keçirilməsi ilə bağlı fəaliyyətin təşkili üçün korrespondensiyanın başlanması razılaşdırılmışdır.
Daha sonra nümayəndə heyəti “Pravolex” vəkil bürosunun rəhbərləri, Brüssel Vəkillər Kollegiyasının üzvləri, Anna Sussarova və Anna Kolesnikova ilə görüşüblər. Görüşdə vəkillik fəaliyyətinə dair məsələlər müzakirə olunub.
Bununla da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Belçikaya rəsmi səfəri başa çatıb.