100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda "Vəkillər Evi»nin rəsmi açılış mərasimində iştirak etmişdir

26 June 2023    1313 share share

23-24iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (AR VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olmuşdur və səfər çərçivəsində Tiflis şəhərində Gürcüstan Vəkillər Assosiyasiyasının (GVA) yeni inzibati binası –  «Vəkillər Evi»nin rəsmi açılış mərasimində iştirak etmişdir.

Tədbirdə GVA sədri David Asatiani, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstanın Baş prokuroru İrakli Şotadze, AR VK sədri Anar Bağırov, Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) Prezidenti Maria Ślązak, Beynəlxalq Vəkillər Kollegiyasının (IBA) Vitse Prezidenti Claudio Visco tədbirdə açılış nitqləri ilə çıxış etmişlər.
 
Qonaqları salamlayan AR VK sədri Anar Bağırov vəkillik  sahəsində aparılan uğurlu islahatlar, Kollegiya tərəfindən görülən çoxşaxəli işlər, müxtəlif beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. A.Bağırov Azərbaycanla Gürcüstan arasında tarixi köklərə malik olan və müxtəlif sahələrdə uğurla inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin vəkillik institutları arasında da inkişaf etdiyini qeyd etmişdir. Hər iki ölkənin Vəkillər Kollegiyaları arasında mövcud olan səmərəli əməkdaşlıq üçün başda Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani olmaqla bütün gürcü həmkarlarına Azərbaycan Vəkilliyi adından təşəkkür edən A.Bağırov, Gürcüstan Vəkillər Kollegiyasının yeni binası münasibəti ilə onları təbrik etmiş və hədiyyələr təqdim etmişdir.
 
Tədbir çərçivəsində həmçinin vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir.
 
Bundan başqa, Anar Bağırovun iştirakı ilə Gürcüstan Hüquqi Yardım Xidmətinin İcraçı Direktoru David Simonia arasında ikitərəfli görüş keçirilmiş, qurumlar arasındakı səmərəli əməkdaşlığın əhəmiyyəti və beynəlxalq təcrübənin ödənişsiz hüquqi yardım sahəsində aparılan islahatlarda olan rolu barədə fikir mübadiləsi aparılmışdır.
 
Daha sonra gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə AR VK nümayəndə heyəti və beynəlxalq təşkilatların rəhbər şəxsləri arasında müvafiq görüşlər keçirilmiş, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
 
Tədbir çərçivəsində iştirakçılar üçün Gürcüstan Vəkillər Kollegiyası tərəfindən rəsmi ziyafət təşkil olunmuşdur.