11 iyul 2023-cü il tarixində ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) təşkilatçılığı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) və Ali Məhkəməsinin dəstəyi ilə Bakı şəhərində “Biznes hüququ” mövzusunda VII beynəlxalq yay hüquq məktəbinin açılış mərasimi baş tutmuşdur.
Tədbirin açılış mərasimində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Vüqar Babayev, Milli Məclisin deputatı Kamal Cəfərov, Ali Məhkəmənin hakimi Aqil Abbasov və KİV nümayəndələri iştirak etmişdir.
İştirakçıları salamlayan ELSA Azərbaycanın rəhbəri Rəhim Abasov qeyd etmişdir ki, bir neçə illik fasilədən sonra belə genişmiqyaslı tədbirin keçirilməsinin ölkəmizin hüquqşünas təşkilatı üçün çox əhəmiyyətlidir. O, həmçinin Yay Hüquq Məktəbinin keçirilməsinə dəstək göstərən qurumlara təşəkkür edib.
Açılış nitqi ilə çıxış edən Kollegiyanın Rəyasət Heyətinin üzvü Vüqar Babayev tədbir iştirakçılarını salamlamış, tədbirin təşkilinə və dəvətə görə ELSA Azərbaycana təşəkkür etmişdir. O, yay hüquq məktəbinin əhəmiyyətini xüsusilə vurğulamış və qeyd etmişdir ki, Vəkillər Kollegiyası hər zaman gənclərə, xüsusən də hüquqşünas tələbələr dəstək olmağa hazırdır.
V.Babayev bildirmişdir ki, ELSA Azərbaycanla Kollegiya arasında 2018-ci ildə birgə əməkdaşlıqla bağlı Saziş imzalanmışdır. Bu Saziş çərçivəsində ARVK-nın maddi, akademik və təşkilati dəstəyi ilə ELSA Azərbaycan tərəfindən hər il Milli Məhkəmə, Arbitraj Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyaları və digər müxtəlif formatlarda Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri, habelə elmi seminarlar, təlimlər və müxtəlif müsabiqələr təşkil edilir.
Daha sonra Milli Məclisin deputatı, ELSA Azərbaycanın həmtəsisçisi Kamal Cəfərov çıxış edərək qeyd etmişdir ki, ELSA Azərbaycan hüquq tələbələrinin bilik və bacarıqlarının inkişafı üçün çox mühüm platformadır. Bu gün ELSA hüquq tələbələrinin həyatının ayrılmaz və ən maraqlı hissəsidir.
Tədbir çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov ELSA Azərbaycana göstərilən tam və hərtərəfli dəstəyə görə təltif edilmişdir.
Açılış mərasimindən sonra vəkillər və peşəkar hüquqşünaslar tərəfindən Yay Hüquq Məktəbinin iştirakçılarına “Biznes hüququ” mövzusunda təlimlər keçirilmişdir.
Qeyd edək ki, 20-dən çox ölkədən ümumilikdə 70 tələbənin iştirak etdiyi yay hüquq məktəbi iyul ayının 16-na qədər davam edəcək.