100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir

25 August 2023    1835 share share

25.08.2023-cü il tarixində “Badamdar Estates” mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, deputat Bəhruz Məhərrəmov, vəkil qurumlarının rəhbərləri və həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbiri açıq elan etmişdir. Sonra Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.
 
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan danışıb. Eyni zamanda A.Bağırov yaxın günlərdə qəbul edilən Mülki Prosessual Məcəlləyə dəyişiklikləri müsbət qiymətləndirmişdir.
 
O bildirib ki, 2018-ci ildən Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 11 yazılı test imtahanı keçirilib: "Bu imtahanlarda iştirak etmiş 4594 mamizəddən 1357 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib".
 
Anar Bağırov qeyd edib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 46 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar: "Beləliklə, vəkillərin sayı 2334 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 14 nəfəri isə qadındır. Vəkillərdən 3 nəfəri regionlarda, 43 nəfəri isə isə Bakıda fəaliyyət göstərəcək. Namizədlərdən 1998-ci il təvəllüdlü Mirzəmmədova Gülzadə İlham qızı ən gənc vəkilimizdir".
 
Tədbirdə eyni zamanda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış etmişdir. O bildirib ki, Azərbaycan vəkilliyi şərəfli tarixi yol keçib: "Anar Bağırovun Vəkillər Kollegiyasına sədrliyi dövründə Azərbaycanda vəkillik peşəsi Ulu Öndər Heydər Əliyevin arzu etdiyi uğurlara imza atıb. Bu gün cənab Prezident İlham Əliyev vəkillərin ən böyük dostu, dəstəkçisidir. Azərbaycan vəkilliyi bu gün sərbəst və azaddır. Əgər Azərbaycan gənci vəkil olmaq istəyirsə, deməli bu peşənin nüfuzu vardır".
 
B.Məhərrəmov Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa, eyni zamanda vəkilliyin inkişafına verdiyi töhfələrə görə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir.
 
Sonra vəkilliyə namizədlər çıxış etmiş, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildirmişlər.
 
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmiş, onlara vəsiqələr təqdim edilmişdir.
 
Tədbirin 2-ci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunmuş və xatirə fotosu çəkilmişdir.













































​​​​​​​