Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
Cari ilin sentyabr ayının 18-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 56 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.
İcbari təlimin ilk günündə keçirilən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək, vəkilliyə namizədlərə uğurlar arzu edib, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini qeyd edib. Sədr bildirib ki, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaqdır.
Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə məlumat verib. O, son illər tədris prosesində dəyişdikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu diqqətə çatdırıb.
Sədr vurğulayıb ki, məqsədimiz gözləntilərə cavab vermək, ölkə vətəndaşlarına keyfiyyətli hüquqi yardımın yüksək səviyyədə çatdırılmasıdır.
Eyni zamanda tədbirdə Anar Bağırov “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dekabr 2017 - Dekabr 2022-ci illər üzrə Fəaliyyəti Barədə Hesabat” adlı çap edilmiş nəşrdən, həmin hesabatda yer almış Kollegiyanın son 5 ildə görüdüyü işlər, apardığı ardıcıl və sistemli islahatlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini diqqətə çatırıb.
Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb. O, bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirib.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklikləri yüksək qiymətləndirən Anar Bağırov bununla bağlı gələcəkdə hüquqi maarifləndirmə işlərinin davamlı aparılmasını vurğulayıb.
Sonra Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi Fakültəsinin dekan müavini Günel Sadıqova çıxış edərək deyib ki, təlimlərin əsas məqsədi vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsidir.
Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib.