100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Böyük Britaniyada Vəkillər Kollegiyasının “Gənc Vəkillər” Komitəsi təmsil olunub

06 October 2023    646 share share

Cari ilin 28 sentyabr - 1 oktyabr tarixlərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA), İngiltərə və Uels Gənc Vəkillər Kollegiyasının (İUGVK), Gənc Vəkillər Bölməsinin və London Gənc Vəkillər Qrupunun birgə təşkilatçılığı ilə London şəhərində EYBA-nın beynəlxalq tədbiri keçirilib.  

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) EYBA-da səlahiyyətli nümayəndəsi Yunis Nəsibov sözügedən tədbirə qatılıb və ARVK-nın nəzdində yeni təsis edilmiş “Gənc Vəkillər” Komitəsini EYBA üzvlərinə təqdim edib.

Sentyabrın 28-də iştirakçılar üçün tədbirin açılış mərasimi münasibətilə rəsmi qəbul təşkil olunub.

Növbəti gün tədbirin gündəliyinə uyğun olaraq, İUGVK-nın inzibati binasında EYBA üzvlərinin ümumi yiğıncağı keçirilib. İclas zamanı EYBA-nın prezidenti Sergiy Barbashyn, İUGVK-nın sədr müavini Sam Tovnend və Uels Gənc Vəkillər Komitəsinin (UGVK) sədri Michael Harwood çıxış ediblər. İclas çərçivəsində təşkilatın cari fəaliyyəti ilə əlaqədar bir sıra müzakirələr, gələcək planlar və tədbirlər barədə fikir mübadiləsi aparılıb, qərarlar qəbul edilib.

Daha sonra İngiltərə və Uels Hüquq Cəmiyyətinin (İUHC) inzibati binasına tur təşkil edilib və İUHC-nin fəaliyyəti barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, gənc vəkillər İngiltərədə vəkillik fəaliyyəti barədə məlumatlandırılıb, seminar, vörkşop və müzakirələr təşkil olunub.

Sentyabrın 30-da isə “Mischon de Reya LLP” hüquq şirkətinin inzibati binasında əqli mülkiyyət və hüququn digər sahəsində ixtisaslaşmış tanınmış hüquqşünas və vəkillər tərəfindən müxtəlif seminarlar keçirilib.

Daha sonra, “Lincoln’s Inn” Fəxri cəmiyyətində ziyafət təşkil edilib. Ziyafətdə EYBA üzvləri ilə yanaşı, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Panaqiotis Perakis da çıxış edib.

Tədbirdə İUGVK-nın nümayəndələri, Azərbaycanla yanaşı, EYBA-nın müxtəlif ölkələrindən - Türkiyə, İtaliya, İspaniya, Portuqaliya, Kipr, İngiltərə, Uels, Şotlandiya, Norveç, Danimarka, Niderland, İsveçrə, Ukrayna, Rumıniya, İsveç, Belçikadan olan üzvləri, gənc vəkil birliklərinin səlahiyyətli nümayəndələri, vəkillər və hüquqşünaslar iştirak ediblər.

Tədbir çərçivəsində, ARVK-nın “Gənc Vəkillər” Komitəsinin gələcək əməkdaşlığının gücləndirilməsi məqsədilə Y.Nəsibov ilə beynəlxalq təşkilatların və Avropanın bir sıra ölkələrinin gənc vəkillər komitələrinin nümayəndələri ilə görüşlər keçirilib, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb.