100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərilib

11 October 2023    764 share share

Cari ilin oktyabr ayının 10-da "Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) tədbirlər planı çərçivəsində ARVK və Azərbaycan Respublikası Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərib.

Belə ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri və Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorlarının birgə iştirakı ilə “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilib, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlər verilib.

Dəyirmi masa iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub, sonra Heydər Əliyev Muzeyində qorunub saxlanan eksponatlarla tanış olublar.

Çıxış edən natiqlər ölkəmizdə vəkillik təsisatının güclənməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin əzmkar fəaliyyətindən bəhs edərək, həmin siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıblar. Həmçinin qeyd olunub ki, ölkəmizdə mediasiya institutunun təşəkkül tapması bilavasitə cənab Prezidentin adı ilə bağlıdır.

Eyni zamanda dəyirmi masada vəkil mediator münasibətlərinin düzgün təşkil olunması, fəaliyyətin uzlaşdırılması istiqamətində geniş müzakirələr aparılıb.

Sonda hüquqi yardıma ehtiyacı olan şəxslərə yardım göstərilib.

Bundan başqa, oktyabr ayının 10-da aksiya ilə əlaqədar Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Naxçıvan Muxtar Respublikasına (MR) səfər ediblər. Vəkillər Naxçıvan MR Vəkillər Kollegiyasının inzibati binasında 16 vətəndaşa hüquqi yardım göstərib, məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.

Həmçinin Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən Gəncə şəhərində 17 nəfərə ödənişsiz hüquqi yardım göstərilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar ARVK tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.