100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş futbol turnirində ikinci olub

06 November 2023    668 share share

Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət II Ənənəvi Futbol Turniri noyabrın 5-də başa çatıb.  

Turnirin yekun oyunlarından əvvəl ənənəvi olaraq Azərbaycanın Dövlət Himni səsləndirlib.

Bakı Tennis Akademiyasının stadionunda ilk olaraq 3-cü yer uğurunda “Ardanış” ilə “Loru-Borçalı” komandaları qarşılaşıb. "Ardanış" görüşü 4:3 hesablı qələbə ilə bitirərək bürünc medalın sahibi olub.

Ardından final görüşü baş tutub. Həlledici qarşılaşmada Vəkillər Kollegiyasının “İrəvan” və Qərbi Azərbaycanın Çəmbərək rayonunun “Çəmbərək” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə 7:5 hesablı qələbə qazanan "Çəmbərək" kubokun sahibi olub.

Final qarşılaşmasından sonra bağlanış mərasimi təşkil olunub. Sonda medal qazanan komandalar mükafatlandırılıb.

Turnirin təşkilatçısı adından şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnirə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.  

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə həvəskarlar arasında təşkil olunmuş turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Turnirdə komandalar “İrəvan” (Vəkillər Kollegiyası), “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTV), “Göyçə”, “Loru-Borçalı”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında çıxış ediblər.