100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün növbəti təlim keçirilib

21 November 2023    731 share share

Cari ilin noyabr ayının 16-17-si tarixlərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin qadın hüquqlarının müdafiəsi sahəsində mexanizmləri” mövzusu üzrə peşəkar hüquqşünaslar tərəfindən ikigünlük təlim keçirilib.

Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru Əmir Əliyev təlimin açılışında çıxış edərək iştirakçıları ARVK Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, təlimin keçirilməsini dəstəkləyib və onlara uğurlar arzulayıb. Professor bildirib ki, bu qəbildən olan təlimlər Azərbaycan hüquq ictimaiyyəti üzvləri arasında maariflənmə səviyyəsini artırmaqla insan hüquqlarına hörmət, onların müdafiəsi və həyata keçirilməsi proseslərində effektivliyi artırmağa xidmət edir. O, həmçinin iştirakçıları yeni təsis olunmuş Vəkillər Kollegiyasının Akademiyasının fəaliyyət istiqamətləri, qarşıda duran məqsəd və vəzifələr haqqında məlumatlanıdırıb.

Təlimdə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiya və onun müdafiə mexanizmləri barədə geniş məlumat verilib. Eyni zamanda bu sahədə əsas monitorinq və qiymətləndirmə bacarıqları, hesabatların hazırlanma qaydaları, həmçinin BMT-nin Nizamnamə və Müqavilə Orqanlarının universal müdafiə mexanizmləri kimi fəaliyyəti barədə geniş nəzəri və praktik məlumatlar diqqətə çatdırılıb.

Təlimçi, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Kollegiyanın üzvü Sahib Məmmədov insan hüquqlarının monitorinqinin həyata keçirilməsi qaydaları, alternativ (kölgə, əks) hesabatların mahiyyəti, hazırlanması, verilməsi prosedurları ilə bağlı çıxış edərkən bu sahədə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin rolunu xüsusi vurğulayıb, o cümlədən adıçəkilən mexanizmlərdən istifadənin dövlətləri beynəlxalq müqavilələr üzrə öz öhdəliklərinə daha yaxşı əməl etməyə yönəltdiyini qeyd edib.

Təlimdə ARVK-nın üzvləri də iştirak edib.

Qeyd edək ki, təlim Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində baş tutub.