BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi (BMT QAK Azərbaycan), Dövlət Miqrasiya Xidməti (DMX), Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası ilə birgə əməkdaşlıq çərçivəsində, “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusunda ikigünlük seminar keçirilib.
Tədbirin məqsədi sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatlarına dair beynəlxalq təlimatların və tövsiyələrin bölüşülməsi, eləcə də qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) prosedurunun effektiv şəkildə həllinə təsir edəcək müzakirələrin təşkili olub.
Seminarda dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, hakimlər, hüquqşünaslar, elmi dairələrin təmsilçiləri iştirak edib.
Tədbirdə Vəkillər Kollegiyasının (VK) sədr müavini Pərviz Ələkbərov və Baş katibi Bayram Orucov çıxış edib. Müvafiq olaraq çıxışlarda BMT QAK-ın 90-cı illərdən bəri ölkəmizdəki fəaliyyəti, VK-nın BMT QAK ilə səmərəli əməkdaşlığı, spesifik sahələr üzrə təlimlərin keçirilməsi, hər il BMT QAK ilə imzalanan müqavilə əsasında 5 peşəkar vəkilin hüquqi yardım göstərməsi, VK tərəfindən son 6 ildə keçirilən 100-dən çox pulsuz hüquqi yardım aksiyasının 30 000-dən çox aztəminatlı şəxsi əhatə etməsi və s. barədə ətraflı qeyd edilib və fikir mübadiləsinin aparılması, nailiyyətlərin müzakirəsi, problemlərin effektiv həlli üçün, seminarın mühüm platforma rolunu oynadığı diqqətə çatdırılıb.
Bundan başqa, BMT QAK Azərbaycanın rəhbəri xanım Bik Lum və hüquq şöbəsinin müdiri İvan Çarnetski, DMX-nın Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova çıxış edərək seminarın əhəmiyyətini qeyd edib, qaçqınların və qaçqın statusu almaq niyyətində olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) nümayəndəsi Merve Kılıç, BMT QAK-ın Avropa üzrə Regional Bürosunun eksperti Sam Mosallai, Ali məhkəmənin hakimləri Nigar Rəsulbəyova, Rahib Nəbizadə və digər təlimçilər tərəfindən mövzu üzrə milli istiqamətləndirmə mexanizmləri, məhkəmə sistemi, deportasiya zamanı pis rəftara məruz qalma riskinin qiymətləndirilməsi, səmərəli müdafiə hüququ və prosedural öhdəliklər, qadın hüquqları və Əfqanıstanda xüsusi sosial qrupların müəyyən edilməsi, sənədləşmə ilə bağlı milli təcrübə, beynəlxalq hüquqi çərçivə, AİHM-nin müvafiq məhkəmə işləri, yerli və beynəlxalq müsbət məhkəmə presedentləri və nailiyyətləri barədə təqdimat-çıxış edilib.
Sığınacaq axtaranlar və qaçqınlara hüquqi yardımla bağlı BMT QAK ilə əməkdaşlıq edən vəkillərimiz - Mehriban Məmmədova, Banu Quliyeva və Tural Həsənli də tədbirə qatılıb, habelə, Mehriban Məmmədova tərəfindən bütün tədbir iştirakçılar üçün mövzu üzrə təcrübi qrup işi (case study) təşkil olunub və aparılan müzakirələrin nəticələri səsləndirilib.