100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Nümayəndə heyətimizin təmsil olunduğu LAWASIA-nın Hindistandakı konfransında yeni prezident seçilib

30 November 2023    513 share share

Cari ilin 24-27 noyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) Asiya və Sakit Okean Hüquq Assosiasiyasındakı (LAWASIA) səlahiyyətli nümayəndəsi, Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistan Vəkillər Kollegiyasının dəvəti ilə LAWASIA-nın 36-cı konfransında iştirak etmək üçün Hindistanın Benqaluru şəhərində rəsmi səfərdə olub.

Səfərdə ARVK-nın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova ilə yanaşı, Komitənin üzvü Gülnar Qurbanova da iştirak edib.

Konfransda Hindistan Vəkillər Kollegiyasının prezidenti Shri Prashant Kumar, Beynəlxalq Vəkillər Kollegiyası (IBA), İngiltərə və Uels Hüquq Cəmiyyəti (İUHC), Asiya və Sakit Okean ölkələrinin vəkillər kollegiyalarının nümayəndə heyətləri, hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə hüququn müxtəlif sahələri, o cümlədən süni zəka və onunla bağlı məsuliyyət məsələləri, məhkəmələrin müstəqilliyi, qanunun aliliyi və digər mövzular üzrə sessiyalar təşkil olunub, məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Konfransda Hindistanın Ali Vəkili Shyam Divan LAWASIA-nın yeni prezidenti seçilib.

Səfər çərçivəsində, nümayəndə heyətimiz LAWASIA-nın hazırki prezidenti Melissa Pang və Baş Katibi Gordon Hughes, İUHC nümayəndə heyəti və bir sıra digər ölkələrin vəkillər kollegiyalarının təmsilçiləri ilə müvafiq görüşlər keçirilib, o cümlədən ölkəmizin və Kollegiyanın LAWASIA-nın Komitə və işçi qruplarında aktiv iştirakı, beynəlxalq hüquqi yanaşmaların öyrənilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələr aparılıb.