100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

30 November 2023    604 share share

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycan Nümayəndəliyinin və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Ombudsman Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.

Giriş sözü ilə çıxış edən Anar Bağırov qonaqları salamlayaraq bildirib ki, konfrans Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 illiyinə həsr edilməklə bərabər, özündə insan hüquqları ilə əlaqədar universallıq və bölünməzlik kimi mühüm başlanğıc müddəaların-prinsiplərin təşviqinə həsr edilib və bu da bilavasitə Bəyannamənin töhfəsidir.

Diqqətə çatdırılıb ki, insan hüquqlarının universallığı dedikdə, insan hüquqlarının birbaşa beynəlxalq xarakter alması və bu problemin həllində dövlətlərin beynəlxalq əməkdaşlığının zəruriliyi nəzərdə tutulur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquq və azadlıqlarının universal siyahısı kimi qiymətləndirilməlidir.

Sədr söyləyib ki, bu gün əksər dövlətlər Bəyannaməyə qoşulmur, sadəcə ona tam şəkildə əməl edirlər. Qeyd edilən müddəa 18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstutusiya Aktının 19-cu maddəsində Azərbaycan Respublikasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bütün müddaəlarına xüsusi yanaşması ilə təsdiq edilir ki, bu da Azərbaycan xalqının tarix boyu və hazırda da insan hüquqları ideyaları ilə zənginliyinə tam dəlalət edir.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Konstitusiya komissiyasında ciddi müzakirələrdən sonra referendumla qəbul edilən Konstitusiyamız mükəmməl bir insan hüquqları sistemini müəyyən edib. Anar Bağırovun sözlərinə görə, hazırda Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq konsepsiyası möhtərəm Prezidentimiz İlham Əliyev fəaliyyətinin əsasıdır ki, bu da milli qanunvericlik sistemimizin daha da inkişafına gətirib çıxarıb.

Sədr ARVK insan hüquq və azadlıqlarının, o cümlədən peşəkar hüquqi yardıma çatımlılığın təmin edilməsi sahəsində bütün beynəlxalq və milli təsisatlarla sıx əməkdaşlıq etdiyini, bu qurumlar arasında BMT-nin müxtəlif təsisatlarını, habelə onun insan hüquqları sahəsində mühüm orqanı olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının xüsusi yer tutduğunu dilə gətirib.

Eyni zamanda konfransda BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov çıxış edib, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarının təşviqi və müdafiəsi baxımından əhəmiyyətini vurğulayıblar. Natiqlər bu Bəyannamənin ölkəmizdə həyata keçirilməsindən və onun müsbət nəticələrindən danışıblar.

Sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün videomüraciəti dinlənilib.

Daha sonra tədbirdə Anar Bağırovun moderatorluğu ilə “Azərbaycanda insan hüquqlarının müdafiəsi: nailiyyətlər və problemlər” və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin moderatorluğu ilə “İnsan hüquqları, vətəndaş cəmiyyəti institutlarının rolunun təşviqində alətlərin və metodologiyaların genişləndirilməsi” mövzularında panel müzakirələri təşkil olunub. Panel müzakirələrdə mövzular üzrə çıxışlar dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb, həmçinin çağırışlar və gələcək əməkdaşlıq prespektivləri geniş müzakirə olunub.