Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ombudsman Aparatının, BMT agentliklərinin, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədr müavini Aydın Axundov iştirak edib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciəti dinlənilib.
Tədbirdə həmçinin ARVK-nın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinin 95 illiyi münasibəti ilə Fəxri fərmanla təltif edilib.
Eyni zamanda Ombudsman tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.