Yanvarın 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda HİHİ-də növbəti birgünlük təlim keçirilib.
İştirakçıları salamlayan HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimin işinə uğurlar arzulayıb və uşaq hüquqlarının müdafiəsinin dövrün ən aktual məsələlərindən biri olduğunu qeyd edib. Sədr bildirib ki, İnstitut uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi sahəsində cəzaçəkmə müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir, eyni zamanda, gələcəkdə bu istiqamətdə səmərəliliyi artırmaq məqsədilə effektiv addımlar atılacaq.
Sonra Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev təlim iştirakçılarını Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, uşaq hüquqlarının müdafiə olunmasında vəkillərin xüsusi rolu olduğunu, o cümlədən uşaqların cinayət, inzibati və mülki sahələrdə hüquqlarının qanunvericiliklə qorunduğu məqamları diqqətə çatdırıb. Bu fəaliyyətin həyata keçirilməsinin daima Vəkillər Kollegiyasının diqqət mərkəzində olduğunu qeyd edən professor sözügedən sahədə vəkillərin ixtisaslaşmasının vacibliyini vurğulayıb.
Daha sonra UNİCEF-in eksperti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas-təlimçi Rafiq Alışov “Uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər”, “Uşaqyönümlü hüquqi yardımın sosial-psixoloji aspektləri” və digər mövzularda çıxış edib. Həmçinin, İnstitutun təlimçi-eksperti Heydər Həsən oğlu Əliyev “Uşaq hüquqları və sosial media” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, 18-i Vəkillər Kollegiyasının üzvü olmaqla 31 nəfər hüquqşünasın iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycanda və ABŞ-da yuvenal ədliyyə təcrübəsinin müqayisəli təhlili, respublikamızda cinayət yaşı, Uşaq Hüquqları Konvensiyasının 37-ci və 40-cı maddələrinə toxunulub, həmçinin, mövzu üzrə qısametrajlı film nümayiş olunub.