100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

27 February 2024    811 share share

Cari ilin fevral ayının 23-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib. 

İclasda 21 müraciət əsasında (onlardan 3 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:

- 8 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması; 
- 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması; 
- 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması; 
- 2 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması. 

Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 1-i məhkəmədən, 1-i isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 8-i də fiziki şəxslərin müraciətləri üzrədir. Məhkəmədən daxil olan müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, hüquq-mühafizə orqanından daxil olan müraciət üzrə isə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəy verilib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən intizam işlərindən:

- 1 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi ilə əlaqədar peşə fəaliyyətini həyata keçirərkən əldə etdiyi məlumatların konfidensiallığını təmin etməyib qarşı tərəfə ötürməklə öz peşə məqsədlərinə çatmaq üçün qanunvericiliyin və etik davranış qaydalarının tələblərinə zidd vasitə və üsullardan istifadə etməklə vəkillik fəaliyyəti ilə bir araya sığmayan, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin peşə fəaliyyətindən kənar davranışında şikayətçiyə münasibətdə qeyri-etik, kobud və nalayiq ifadələr işlətməklə, mədəni, nəzakətli, diqqətli və səbirli davranış tərzi nümayiş etdirməməsi” (1 vəkillə bağlı 1 fakt)”;
- 1 intizam işində “vəkilin müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu vicdanla yerinə yetirməyərək, iş üzrə məhkəmə iclaslarında iştirak etməməsi, işin gedişatı və nəticəsi ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi məlumatlandırmaması” (1 vəkillə bağlı 2 fakt)”;
- 1 intizam işində “vəkilin dövlət hesabına müdafiəçisi olduğu şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (1 vəkillə bağlı 1 fakt)”;
- 5 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə müəyyən olunan hüquqi yardım haqqı hələ ödənilməmiş həmin müqavilə əsasında müvafiq vəkil orderi götürüb istifadə etməsi” (5 vəkillə bağlı 13 fakt);
- 3 intizam işində “vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (3 vəkillə bağlı 3 fakt);
- 2 intizam işində “hüquqi yardımın göstərilməsi haqqında müqavilənin və vəkil orderinin tərtibi ilə bağlı prosedur tələblərə riayət olunmaması (tapşırığın mahiyyətinin və yerinə yetirilməli olduğu qurumun göstərilməməsi, sənədlərin imza və möhürlə təsdiqlənməməsi, tərtib olunma tarixinin qeyd edilməməsi və s.)” (2 vəkillə bağlı 4 fakt);
- 2 intizam işində “hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə müəyyən olunan hüquqi yardım haqqının müraciət edən şəxs deyil, başqa şəxs tərəfindən ödənilməsi” (2 vəkillə bağlı 5 fakt);
- 1 intizam işində “hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə müəyyən olunan hüquqi yardım haqqının müraciət edən şəxs deyil, vəkilin özü tərəfindən ödənilməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam işində “vəkilin müraciət edən şəxslə müvafiq müqavilə bağlamadan ona inzibati tapşırıq üzrə hüquqi yardım göstərməsi” (1 vəkillə bağlı 1 fakt)” halları intizam pozuntusu kimi qiymətləndirilib.