Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən 18 mart 2024-cü il tarixdə Lənkəran Penitensiar kompleksinə media-tur təşkil olunub.
Beynəlxalq standartlara uyğun inşa olunmuş kompleksdə müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanasında isə həbs edilmiş şəxslər saxlanılacaqlar.
İctimai təqdimatda Ədliyyə Nazirliyinin, Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov, Lənkəran və Astara rayon Vəkil Bürolarının rəhbərləri, Milli Məclisin deputatları, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, hüquq müdafiəçiləri, digər vətəndaş cəmiyyəti institutları və media nümayəndələri iştirak etməklə kompleksdə yaradılan şəraitlə tanış olublar.
İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri ilə də tanış olublar. Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan palatalar mövcuddur.
Eyni zamanda, kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.
Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.
İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman meydançaları ilə tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstərib, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğularla təchiz edilmiş camaşırxanaya baş çəkərək yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Müəssisədə qurulmuş süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platforması barədə geniş məlumat verilib.
Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.
Brifinqdə penitensiar sistemdə aparılan islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğısının və diqqətinin əyani təzahürü olduğu, yeni penitensiar kompleksin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyi vurğulanıb.
Eyni zamanda, Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə adaptasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verdiyi bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Çıxış edən ictimaiyyət nümayəndələri müasir penitensiar kompleksin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir, istifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.