Cari ilin may ayının 23-24-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub.
SƏFƏRİN İLK GÜNÜ
Anıtqəbirin ziyarəti
Mərasimdən əvvəl nümayəndə heyətləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər, məzarı önünə əklil qoyublar. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad olunub.
Zirvə toplantısı
Qardaş ölkənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin (TBB) və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər Kollegiyalarının zirvə görüşü keçirilib.
Toplantıda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.
Görüşün məqsədi Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri arasında fikir mübadiləsi aparmaq və mümkün əməkdaşlığın qiymətləndirilməsi, onun qurulması yollarının müzakirə edilməsindən ibarət olub.
Tədbiri giriş sözü ilə açan TBB-nin başqanı Erinç Sağkan qonaqları salamlayaraq görüşün əhəmiyyəti barədə məlumat verib, qanunun aliliyinin təmin edilməsinə, vətəndaşların hüquqlarının qorunmasına mühüm töhfə verən hüquq sahəsində sıx dialoqun əhəmiyyətini qeyd edib.
ARVK-nın sədri Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb, görüşün işinə uğurlar arzulayıb, Türk dünyası Vəkillər kollegiyalarının vəkilləri arasında sıx əməkdaşlığın, təcrübə mübadiləsinin, vəkillər üçün beynəlxalq təlimlərin, konfransların keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan və Türkiyə dostluğundan, qardaşlığından danışan sədr keçirilən toplantını tarixi gün adlandırıb, gələcəkdə bu mühüm hadisənin xoş xatirə kimi xatırlanacağını ifadə edib.
Anar Bağırov çıxışının davamında türk dövlətlərinin vəkillərinin əməkdaşlığı üzrə yeni təşkilatın yaradılmasına ümidvar olduğunu bildirib və bütün vəkilləri bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Həmçinin mərasimdə Qazaxıstan Milli VK-nın sədri Aidyn Bikebayev, Qırğızıstan Vəkillər Şurasının sədri Meyil Begilerova, Şimali Kipr Türk Cümhuriyyətinin VK-nın sədri Hasan Esendağlı, Özbəkistan VK-nın sədri Shulhrat Sadikov və Türkmənistanın Aşqabad VK-nın sədri Bestyr Eyvanova çıxış edib, görüşün əhəmiyyətindən danışıblar.
Daha sonra fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq qiymətləndirilib.
Tədbirin yekunu - Niyyət Bəyannaməsi
Mərasimdə Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov TBB-nin prezidenti Erinç Sağkanı “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Erinç Sağkana Naxçıvan MR ilə bağlı xatirə hədiyyəsini təqdim edib və xatirə şəkili çəkdirilib.
Sonda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.
Ədliyyə naziri ilə görüş
Səfər çərçivəsində Türk dünyası Vəkillər Kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyənin Ədliyyə Nazirliyinin inzibati binasını ziyarət edib.
Açılış nitqi ilə çıxış edən ədliyyə naziri Yılmaz Tunç görüşdən məmnunluğunu ifadə edərək Türk Dövlətləri Təşkilatının (TDT) tarixindən danışıb, ilk dəfə 1992-ci ildə Ankara şəhərində Türk Dili Danışan Ölkələr Zirvəsinin keçirildiyini və bununla da TDT-nin təməlinin qoyulduğunu vurğulayıb.
Eyni zamanda nazir diqqətə çatdırıb ki, tək vəkillikdə deyil, ədliyyə, Hakimlər və Prokurorlar Şurası, notariat, mediatorluq və digər sahələrində də belə birliklər yaradılıb və yaradılmaqda davam edir. Yaxın zamanlarda türkdilli dövlətlərə səfər edəcəyini söyləyən Yılmaz Tunç səfər çərçivəsində həmin ölkələrin Vəkillər kollegiyalarını ziyarət edəcəyini deyib.
O, Türk dünyası Vəkillər kollegiyalarının əməkdaşlığının sürətlə inkişaf etdiyini, hüquq sahəsində bunun vacibliyini ifadə edib.
Həmçinin görüşdə ARVK-nın sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri çıxış edərək əməkdaşlığın vacibliyini vurğulayıb, görüşün məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib, habelə fikir mübadiləsi aparılıb və bir sıra məsələlər müzakirə olunub.
Yekunda ARVK-nın sədri Anar Bağırovla nazir Yılmaz Tunç bir-birilərinə xatirə hədiyyəsi təqdim edib.
SƏFƏRİN İKİNCİ GÜNÜ
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət
Nümayəndə heyətimiz Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib, Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad ediblər.
Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Danıştayın (Ali-İnzibati Məhkəmə) rəhbərliyi ilə görüşlər
Sonra Türk dünyası Vəkillər Kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyənin Ali Məhkəməsinin sədri Ömər Kerkezi, Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcını və Danıştay (Ali-İnzibati Məhkəmə) sədri Zeki Yiğiti ziyarət edib, görüşlər keçiriblər və Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin bina kompleksi, muzey, iclas zalları ilə tanış olublar, Danıştayın bütün ölkə üzrə fəaliyyət və strukturu barədə nümayiş edilən təqdimatla ətraflı məlumatlandırılıblar.
Görüşlər zamanı ARVK-nın sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri çıxış edərək türk dünyasının məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübələri barədə danışıblar, aparılan islahatlar müzakirə olunub, vəkillər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda görüşlərin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib, habelə fikir mübadiləsi aparılıb.
Həmçinin Türk dünyası Vəkillər kollegiyaları rəhbərliyinin keçirilən zirvə görüşünə, imzalanan niyyət bəyannaməsinə toxunulub. Bu tarixi olay Türkiyənin məhkəmə hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən yüksək qiymətləndirilib, hadisənin türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.
Bundan başqa, Anar Bağırov Türk dünyası Vəkillər Kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, fikir mübadiləsi aparıb.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Eyni zamanda ARVK-nın nümayəndə heyəti “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara Vəkillər Kollegiyasının üzvü Arzuman Azaflı ilə görüşüblər. Görüşdə vəkillik fəaliyyətinə dair məsələlər müzakirə olunub.
Bununla da ARVK-nın Türkiyəyə rəsmi səfəri başa çatıb.