Cari ilin 20-23 iyun tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) “Yeni Hüquqi Dünya Nizamı” (A New Legal World Order) mövzusuna həsr edilən növbəti beynəlxalq konfransı və EYBA-nın İllik Ümumi Yığıncağı keçirilib.
Tədbir Danimarka Vəkillər Kollegiyası (DVK), “Djof” hüquq şirkəti və EYBA-nın birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, ARVK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi, Yunis Nəsibov, Kollegiyanın üzvü Nurəngiz Qarayeva sözügedən konfransa və Yığıncağa qatılıb, o cümlədən tədbirdə Türkiyə, ABŞ, İngiltərə, İtaliya, Portuqaliya, İspaniya, Norveç, habelə Avropanın bir çox ölkələrinin nümayəndə heyətləri iştirak ediblər.
Konfransın gündəliyinə uyğun olaraq DVK-nın və “Djof” hüquq şirkətinin nümayəndəsi Kasper Moth, EYBA-nın prezidenti Sergiy Barbashyn açılış nitqləri ilə çıxış ediblər.
Sonra Danimarkanın NATO-dakı keçmiş daimi nümayəndəsi və Protokol rəisi Michael Zilmer-John, Karnov Group, AB şirkətinin qrup rəhbəri Anne Norvang Hansen, MAERSK şirkətinin hüquq üzrə rəhbəri Casper Munch, “Carlsberg” şirkətinin hüquq üzrə direktoru Ulrik Andersen və Avropa Komissiyasının vitse-prezidenti və Rəqabət məsələləri üzrə Avropa komissarı Margrethe Vestager mövzu ilə bağlı çıxış edərək öz təcrübələrini paylaşıblar.
Konfrans çərçivəsində hüquq sahəsində texnologiyanın tətbiq edilməsi, kibertəhlükəsizlik, gənc vəkillərin üzləşdiyi qlobal problemlər, süni intellektin hüquq sahəsindəki rolu, rəqəmsal dövrdə hüququn əsas problemləri və s. mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin növbəti günü EYBA-nın İllik Ümumi Yığıncağı keçirilib, növbəti bir il üçün İcra Komitəsinin və Audit Komitəsinin üzvlərinin seçkisi olub. Eyni zamanda, Yunis Nəsibov EYBA-nın Audit Komitəsinə üzv seçilib.
Bununla yanaşı, Yığıncaqda hazırda davam edən layihələr, gələcək planlar, təşkilati xərclər və qurumun idarəçiliyi ilə bağlı digər məsələlər müzakirə olunub.
Konfrans çərçivəsində gələcək əməkdaşlığının gücləndirilməsi məqsədilə ARVK-nın üzvləri - Yunis Nəsibov, Nurəngiz Qarayeva ilə beynəlxalq təşkilatların, habelə Avropanın bir sıra ölkələrinin gənc vəkillər komitələrinin nümayəndələri ilə görüşlər keçirilib, o cümlədən təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb.