100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Elektron order” mövzusunda növbəti hibrid təlim keçirilib

19 August 2024    349 share share

Cari ilin avqust ayının 17-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” mövzusunda növbəti hibrid təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və elektron order sahəsində yeniliklər və bu yeniliklərin vəkillərin fəaliyyətinə tətbiqi barədə çıxış edib.

Həmçinin professor yeni dərc edilmiş “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalını təlim iştirakçılarına təqdim edib, eyni zamanda jurnalın mövcud elmi xüsusiyyətləri və əhəmiyyəti barədə vəkilləri məlumatlandırıb.

Sonra təlim Vəkillər Kollegiyasının üzvü Lalə Namazova tərəfindən keçirilib. Təlimçi “Elektron order” sahəsi üzrə müvafiq məlumatları - elektron müqavilə, orderin bağlanması və dəyişdirilməsi və s. texniki məsələləri, xüsusən elektron order sahəsi üzrə yenilikləri vəkillərin diqqətinə çatdırıb.

Sonda təlimçi tərəfindən vəkilləri maraqlandıran bir çox suallar ətraflı cavablandırılıb.

Həmçinin təlimdə “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev və Komitənin üzvü Sənan Şirinov iştirak edərək vəkillərin suallarını cavablandırıblar.

Təşkil olunmuş təlimdə büro müdirləri - Xalidə İsayeva, Ceyhun Cəfərov və Aysel Əhmədova daxil olmaqla 22 vəkil əyani, 87 vəkil distant qaydada iştirak ediblər.  

Eyni zamanda Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova, Akademiyanın hüquqşünas-məsləhətçisi Sona Xəlilli və könüllülər - Camal Əliyev və Zeynalabidin Hüseynov təlimin təşkilində yaxından iştirak ediblər.