100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

19 August 2024    602 share share

Cari ilin avqust ayının 16-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

İclasda ümumilikdə 22 müraciət əsasında (onlardan 2 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 20 işə baxılıb, 2 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 18 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub: 

- 11 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 4 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;

- 3 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 4-ü məhkəmələrdən, 2-si qeyri-dövlət orqanlarından, 1-i isə prokurorluq orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 6-sı fiziki şəxslərin, 3-ü məhkəmələrin, 1-i prokurorluq orqanının, 1-i isə qeyri-dövlət orqanının müraciətləri üzrə olub, fiziki şəxslərdən daxil olan 3 müraciət və məhkəmələrdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, fiziki şəxslərdən daxil olan 2 müraciət və qeyri-dövlət orqanından daxil olan 1 müraciət üzrə intizam icraatlarına xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması barədə rəylər verilib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş intizam işlərindən:

- 2 intizam işində “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilməməsinin üzrlü səbəblərinə dair işə baxan məhkəməyə əvvəlcədən lazımi qaydada məlumat vermədən və sübut təqdim etmədən iştirak etməməsi və ya vaxtında iştirak etməməsi” (3 vəkillə bağlı 9 fakt);

- 2 intizam işində “vəkilin müqavilə əsasında göstərdiyi hüquqi yardımla bağlı müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (3 vəkillə bağlı 3 fakt);

- 1 intizam işində “vəkilin məhkəmə iclasında digər proses iştirakçısına qarşı hörmət və nəzakətlə davranmayıb onun ünvanına qeyri-etik ifadə işlətməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin peşə fəaliyyətindən kənar davranışında şikayətçiyə münasibətdə qeyri-etik, kobud və nalayiq ifadələr işlətməklə, mədəni, nəzakətli, diqqətli və səbirli davranış tərzi nümayiş etdirməməsi” (1 vəkillə bağlı 1 fakt)”;

- 1 intizam işində “vəkilin digər vəkil həmkarlarına münasibətdə hörmətlə davranmayıb, onlara qarşı kobud və qeyri-etik rəftara yol verməsi”, “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın qeyri-müəyyən dövlət orqanlarında yerinə yetirilməsini göstərməsi” (1 vəkillə bağlı 2 fakt);

- 1 intizam işində “vəkilin eyni işlə bağlı qanuni mənafeləri arasında ziddiyyət olan şəxslərə hüquqi yardım göstərməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən tərtib edilən vəkil orderindən istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin fəaliyyəti dayandırılmaqla üzvlüyünə xitam verilməsi barədə məhkəməyə müraciət edilməsinə baxmayaraq, bundan sonra tərtib etdiyi vəkil orderlərindən istifadə etməklə ayrı-ayrı şəxslərə hüquqi yardım göstərməsi” (1 vəkillə bağlı 19 fakt);

- 1 intizam işində “dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar hesabatların vəkil dosyesində saxlanılması qaydalarına riayət edilməməsi” (2 vəkillə bağlı) halları intizam pozuntusu kimi qiymətləndirilib.