100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Mülki və inzibati işlər üzrə müvəqqəti təminat tədbirlərinin və müvəqqəti xarakterli müdafiə tədbirlərinin təcrübədə tətbiqi” mövzusunda təlim təşkil olunub

26 August 2024    300 share share

Cari il avqust ayının 24-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Mülki və inzibati işlər üzrə müvəqqəti təminat tədbirlərinin və müvəqqəti xarakterli müdafiə tədbirlərinin təcrübədə tətbiqi” adlı hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Seçilmiş təlim mövzusunun xüsusən praktikada rolu barədə danışan professor təlimçiyə uğurlar arzulayıb və keçirilən bu təlimin vəkillərin fəaliyyətində praktiki əhəmiyyəti olacağını qeyd edib.

Təlimin əsas hissəsində Vəkillərin İntizam Komissiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun müdiri Gülşən Salmanova mülki və inzibati işlər üzrə müvəqqəti təminat tədbirləri və bu tip müvəqqəti xarakterli müdafiə tədbirlərinin xüsusiyyəti, o cümlədən əlaqəli praktiki məsələlər barədə ətraflı çıxış edib. Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb və bu sahədə müxtəlif kazuslar iştirakçılarla birgə müzakirə olunub.

Təlimdə iştirak edən Kollegiyanın Rəyasət Heyətinin üzvü, 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova, Vəkillərin İntizam Komissiyasının üzvü, “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun müdiri Ruslan Vəliyev, Şəmkir rayon Vəkil Bürosunun müdiri Xalidə İsayeva, vəkillər - Fərman İsgəndərov, Ağabba Qədirov, Cavanşir Qasımzadə, Ramil Vəliyev, habelə digər iştirakçılar müvəqqəti təminat tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərində mövcud iddia müddəti, o cümlədən iddia ərizəsinin təmin edilməsi prosesi mövzularında praktiki təcrübələrini bölüşüblər.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Təlimdə əyani qaydada Vəkillər Kollegiyasının 24, onlayn qaydada isə 89 üzvü olmaqla, ümumilikdə 113 vəkil iştirak edib.