Oktyabrın 24-də Bakı Konqres Mərkəzində dünyanın müxtəlif ölkələrindən gələn 50-dən artıq beynəlxalq hüquqşünasın iştirakı ilə “ICE Baku 2024: İqlim dəyişiklikləri və enerji hüququ” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub.
Konfrans Gənclər Fondunun maliyyə dəstəyi, COP-29 Azərbaycan Əməliyyat Şirkəti, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Bakı Ali Neft Məktəbi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə həyata keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, ELSA Azərbaycanın prezidenti Nazim Çələbiyev, Seminarlar və Konfranslar üzrə vitse-prezident Tünzalə Mustafazadə çıxış edərək konfransın əhəmiyyətini geniş şəkildə izah ediblər.
Tədbir zamanı COP29-a Azərbaycanın ev sahibliyi etməsinin əhəmiyyəti, beynəlxalq miqyasda iqlim siyasətinin inkişafında ölkəmizin rolu xüsusi diqqət mərkəzində olub. İştirakçılar gənclərin və gənclər təşkilatlarının iqlim dəyişməsi proseslərində fəal iştirakının vacibliyini vurğulayıb. Onlar gənclərin müasir problemlərə yanaşma tərzinin dəyişdiyini və bu mübarizədə onların səsinin artırılmasının zəruriliyini bildiriblər.
ICE Baku 2024 iqlim dəyişiklikləri və enerji hüququ sahəsində beynəlxalq müzakirələri genişləndirmək və bu sahədəki qanunvericilik yeniliklərinə diqqət çəkmək məqsədi daşıyır.