100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Elektron order” layihəsi üzrə keçirilən təlimlərdə 1900-dən çox vəkil iştirak edib

28 October 2024    239 share share

Cari il oktyabr ayının 26-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə hibrid formada növbəti təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və bu təlimlərin vəkillərin fəaliyyətində praktiki əhəmiyyətindən danışıb.

Statistik məlumatlara əsasən, indiyədək keçirilən hibrid formalı təlimlərdə Vəkillər Kollegiyasının 1900-dən artıq üzvü iştirak edib və vəkillərin bağlanmış elektron müqavilələrinin sayında ciddi artım müşahidə edilir.

Həmçinin baş redaktoru Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının yaxın zamanda yeni sayının dərc ediləcəyi qeyd olunub.

Təlimçi qismində çıxış edən Vəkillər Kollegiyasının üzvü Fərid Rzabəyli “Elektron order” sahəsi üzrə müvafiq məlumatlar, müxtəlif texniki məsələlər, o cümlədən sahə üzrə yeniliklər barədə təlim iştirakçılarını məlumatlandırıb. Təlimçi tərəfindən vəkilləri bu sahədə maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, təlimdə büro müdirləri – Mətanət Həsənova, Səyyad Mirzəyev, Muğan Əliyev, Xalidə İsayeva, İbrahim Aqamov, Sübhan Əliyev və Rəşid Qəribov da daxil olmaqla 25 vəkil əyani, 83 vəkil distant (ümumilikdə 108 vəkil) qaydada iştirak edib.