Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Ödəniş xidmətləri və ödəniş sistemləri, Rəqəmsal bankçılıq”, “Müqavilə hüququ” və “Şəhərsalmanın hüquqi aspektləri” mövzularında ixtisasartırma təlimləri keçirilib.
Dekabrın 12-də keçirilən təlimdə mövzular Kollegiyanın üzvləri - Mirhəsən Cabbarov və Ruqiyyə Hacızadə tərəfindən tədris edilib.
Təlim zamanı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin zəruriliyi, qanunun tənzimləmə predmetləri və əsas anlayışları, ödəniş xidmətlərinə aid edilməyən əməliyyatlar, ödəniş təşkilatları və elektron pul təşkilatlarının əlavə fəaliyyət növləri, ödəniş agentinə dair tələblər, elektron pul və göstərilən xidmətlərin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər və digər məsələlərdən bəhs edilib.
Dekabrın 13-də isə təşkil edilən təlimdə mövzular Kollegiyanın üzvü Məmməd Balacanov tərəfindən tədris olunub.
Təlim zamanı müqavilə öhdəliyinin əmələ gəlmə əsasları, müqavilənin anlayışı, məzmunu, forması və təsnifatı, müxtəlif müqavilə konstruksiyaları, müqavilənin standart şərtləri, müqavilə azadlığı, prinsipi və hədləri, müqavilənin bağlanması, dəyişdirilməsi, ləğv edilməsi, təfsiri və digər məsələlərdən bəhs edilib.
Dekabrın 16-da keçirilən təlimdə mövzular Kollegiyanın üzvü Gülnar Qurbanova tərəfindən tədris edilib.
Təlim zamanı şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri, tikinti hüququ sahəsində qanunvericilik sistemi, şəhərsalma və tikintiyə dair normativ sənədlər, süni torpaq sahələri, süni torpaq sahələri ilə bağlı mülkiyyət və icarə münasibətlərinin tənzimlənmə qaydaları, özbaşına tikinti və onun hüquqi nəticələri, ərazi planlaşdırılması ilə bağlı torpaq və digər daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarına dair mübahisələrin həlli mexanizmi və digər məsələlərdən bəhs edilib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 102 vəkil iştirak edib.