100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Hüquq Olimpiadasına təşkilatı dəstək göstərmiş könüllülərə sertifikatlar təqdim edilib

21 January 2025    111 share share

Cari il yanvarın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilmiş tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasına təşkilatı dəstək göstərmiş Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA Azərbaycan) və “Femida Könüllüləri" təşkilatının könüllülərinə sertifikatlar təqdim edilib.

Vəkillər Kollegiyası Akademiyasında keçirlən mərasimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və könüllülərə Olimpiadanın təşkilində göstərilən dəstəyə görə təşəkkür edib. Qeyd olunub ki, könüllü tələbələr və təcrübəçilər ARVK rəhbərliyinin daim diqqətindədir, bu proseslərə yüksək qayğı və diqqətlə yanaşılır. Həmçinin onlara könüllülük fəaliyyətinin praktik əhəmiyyəti barədə tövsiyələr verilib.

HİHİ-nin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, vəkil Vüsalə Muradxanlı iştirakçıları İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin adından salamlayıb və bu cür könüllülük fəaliyyətlərinin onların gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmasında öz rolunu göstərəcəyini qeyd edib.

Daha sonra ELSA Azərbaycanın prezidenti Nazim Çələbiyev Kollegiya rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək könüllüləri təbrik edib.

Sonda könüllülərə sertifikatlar və “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı təqdim olunub, xatirə şəkli çəkilib.