100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib

15 February 2025    256 share share

Fevralın 15-də “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “Femida Könüllüləri” Təşkilatının bir illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Forumda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida Könüllüləri” Təşkilatının sıralarına hazırda 500-dən çox könüllünün qoşulduğunu diqqətə çatdırıb: “Bu, ali təhsil müəssisələrinə, hüquq fakültələrinə böyük dəstəkdir. Könüllülük fəaliyyəti hüquq fakültələrindəki təcrübəyə töhfə kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu, gənc hüquqşünasların daha təcrübəli, daha praktikaya yaxın biliklərlə ali təhsil müəssisələrini bitirməsinə gətirib çıxarmalıdır. Ona görə də təşkilatın fəaliyyəti yüksək qiymətləndirilməlidir. Bir il ərzində göstərilən fəaliyyət öz müsbət nəticələrini verib və əminəm ki, bu daha da yaxşı olacaq. Məlumdur ki, bu il Prezident İlham Əliyev tərəfindən "Konstitusiya və Suverenlik İli" elan edilib və müvafiq qurumlara tapşırıqlar və tövsiyələr verilib. Əminəm ki, "Femida Könüllüləri" Təşkilatı bu fəaliyyətdə aktiv olaraq iştirak edəcək və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq qurumlara dəstək verəcək".

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilovun sözlərinə görə isə bir illik fəaliyyəti yeni tamam olmuş könüllülük təşkilatının bu dərəcədə vüsət alması əslində təsadüfi deyil. Bunun səbəbi ölkəmizdə hüquqşünasların hər bir təşkilatda öz sözlərini deməyə qadir olmaları ilə əlaqəlidir: “Ona görə də “Femida Könüllüləri”nin bir illik fəaliyyətinə baxanda heç də təəccüblənməməliyik”.

Vəkillər Kollegiyasının (VK) sədr müavini Pərviz Ələkbərov çıxışında bildirib ki, hüquq sahəsində gənc hüquqşünasları və tələbələri özündə birləşdirən “Femida Könüllüləri” Təşkilatı onların bilik və bacarıqlarını artırılmasında, eyni zamanda praktik təcrübə qazandırmaq baxımından çox mühüm işlər görür. Təşkilat bu işləri həyata keçirərkən bir sıra dövlət və qeyri-dövlət qurumları ilə sıx və səmərəli əməkdaşlıq edirlər.

Sədr müavini diqqətə çatdırıb ki, gənclərlə işi özünə prioritet məqsədlərindən biri müəyyən etmiş VK ilə “Femida Könüllüləri” İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclər Kollegiyanın Rəyasət Heyətinin Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, Hüquqi Yardım Mərkəzində, o cümlədən Vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilib. Memoranduma uyğun olaraq 2024-cü ilin iyun ayından etibarən Femida könüllüləri vəkillik modulu üzrə vəkil qurumlarında könüllülük fəaliyyətinə başlayıblar. Bu günədək vəkillik modulunun STEP I mərhələsi üzrə vəkil bürolarında 63 nəfər Femida könüllüsü fəaliyyətə cəlb olunub. Vəkillik modulu üzrə STEP II mərhələsi VK Aparatı, Hüquqi Yardım Mərkəzində fəaliyyəti özündə əks etdirir ki, burada 4 nəfər hüquqşünas tələbə iştirak edib.

Mediasiya Şurasının sədri Nadir Adilov "Femida Könüllüləri" Təşkilatı ilə sıx əməkdaşlıq etdiklərini və könüllülərin fəaliyyətindən məmnun olduqlarını bildirib: "Könüllülər bizim fəaliyyətimizə də cəlb olunub. Onlardan öyrənəcəyimiz məsələlər də çoxdur. Gənclər bacarıqlıdır, yenilikçidir. Onu da qeyd edim ki, müasir dövrdə hüquq sistemi çəkişmə prinsipindən uzlaşma prinsipinə keçid mərhələsindədir. Ona görə də təşkil edilən tədbirlərdə, rəmzi məhkəmə proseslərində mediasiyanı da nəzərə almaq məqsədəuyğundur. Yəni tərəflərin təkcə çəkişmə deyil, uzlaşma prinsipinin də olduğunu göstərməliyik. Yəni, uzlaşma mədəniyyətinin hüquq mədəniyyəti olaraq davam etdirilməsi tövsiyə olunur".

Forum çərçivəsində, həmçinin səmərəli fəaliyyətinə görə Femida Könüllüləri mükafatlandırılıblar.

Bununla yanaşı, Könüllülərin Elektron İdarə Edilməsi Sisteminin təqdimatı olub.

Forum çərçivəsində “Dövlət qurumlarında hüquqşünas gənclər üçün inkişaf şəraiti” və “Hüquqşünas gənclər üçün özəl sektorda təcrübə imkanları” mövzularında dəvət olunmuş qonaqlarla panel görüşləri də olub. Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri Əli Mirzəyev panel çıxışları zamanı gənc tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, Forum Azərbaycan Respublikası Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilib.