2025-ci il avqustun 13-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti,
görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə
baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə
icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi
keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək
Kollegiya sıralarına qəbul edilib.
İclas çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən
müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və borcların
silinməsi, o cümlədən öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə
bağlı müraciətlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və
Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq
edilib, 1 vəkilə töhmət verilib, 1 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti
isə müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər
də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.